"Lənkəran klubu çempionatdan çıxmayacaq, heyətini gücləndirəcək"

9 Dekabr 2022 19:20 Futzal 602
"Lənkəran klubu çempionatdan çıxmayacaq, heyətini gücləndirəcək"

Futzal üzrə Yüksək Liqanın X turu çərçivəsində keçirilməli olan “Alyans” (Lənkəran) – “Baku Fair” matçı baş tutmayıb.

Buna səbəb Lənkəran təmsilçisinin təyin olunan matçda meydana çıxmamasıdır.

Oyunun yekun nəticəsi ilə bağlı AFFA İntizam Komitəsi qərar verəcək.

“Alyans” 9-cu turda U-19 ilə üz-üzə gəlib, ancaq bu matç başa çatmayıb.

Oyuna daha yaxşı başlayan və xüsusilə də ikinci hissədə ardıcıl qollar vuraraq hesabda 5 top fərqi ilə önə keçən U-19 ilk qələbəsinə yaxın olduğu məqamda, “Alyans”ın qapıçısı İmran Məhərrəmov rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə 32-ci dəqiqədə qırmızı vərəqə aldıgına və Lənkəran təmsilçisinin heyətində ikinci kiper olmadığına üçün futzal oyun qaydalarına uyğun olaraq, hakimlər oyunu bərpa etməyib.

Oyun dayandırılan vaxt hesab 6:1 U-19-un xeyrinə olub.

Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov yaranmış vəziyyətlə bağlı Sportinfo.az-a açıqlama verib. Qurum rəsmisi Lənkəran klubunun çempionatda çıxışını davam etdirəcəyini bildirib:

«Alyans» rəhbərliyi çempionatdan çəkilmək və ya klubun fəaliyyətini dayandırması ilə bağlı federasiyaya heç bir müraciət etməyib.

Əksinə, qış fasiləsi zamanı heyətə yeni oyunçular dəvət edəcəklərini, indikindən daha yaxşı heyətə malik olacaqlarını bildirib.

Hətta onlar mediada komandanın Yüksək Liqadan çıxması ilə bağlı yayılan xəbərlərdən də narahat olduğunu qeyd edib.

Son oyunda iştirak etməmələrini qapıçının olmaması ilə əlaqələndiriblər. Komanda iştirak ərizəsinə 2 qapıçının adını daxil edib.

Onlardan biri ötən oyunda qırmızəı vərəqə alıb və cəzalıdır. Digəri isə zədəlidir. Bu üzdən «Baku Fire» ilə oyunda iştirak etməyiblər.

Əsasnaməyə görə, 3 oyuna çıxmayan komanda çempionatdan kənarlaşdırılır. AFFA İntizam Komitəsi məsələyə baxacaq.

Yığmayla qarşılaşma başa çatmasa da, güman ki, hesab olduğu kimi saxlanılacaq. «Baku Fire» ilə oyuna görə 0:5 hesablı texniki məğlubiyyət almaları gözlənilir».

Xəbər Lenti