“Vətən, torpaq olan yerdə futbol...” – Millimizin qapıçısı dedi

25 Fevral 2021 13:40 Futzal 498
“Vətən, torpaq olan yerdə futbol...” – Millimizin qapıçısı dedi

“Xalqımızı Vətən müharibəsindəki qələbə münasibəti ilə təbrik edirəm.

Şükürlər olsun ki, ərazi bütövlüyümüz təmin edildi, 30 illik işğala son qoyuldu. Buna görə də 2020-ci ili ölkəmiz üçün uğurlu hesab etmək olar”.

Sportinfo.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin qapıçısı Emin Kürdov deyib.

Bu gündən təlim-məşq toplanışına start verən yığmamız martın 4-də Bakıda, 5 gün sonra isə səfərdə Moldova yığması ilə qarşılaşacaq.

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində baş tutacaq hər iki matça hazırlığını Bakı İdman Sarayında reallaşdıran komandanın qolkiperi Emin Kürdov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verib.

O, əvvəlcə Vətən müharibəsində qazanılan qələbəyə toxunub: “Düzdür, COVİD-19 pandemiyası da ötən ilə təsadüf etdi, amma bu tək bizə deyil, bütün ölkələrə mənfi təsir göstərdi. Ancaq savaş meydanında qazandığımız qələbə müasir Azərbaycan tarixinin ən şanlı səhifəsi oldu. Bu yolda canını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət, sağlamlığını itirmiş qardaşlarımıza isə şəfa diləyirəm. İsti evini soyuq səngərə dəyişən, döyüşlərdə iştirak edən əsgərlərimizə təşəkkür edirəm. Əlbəttə, Vətən, torpaq olan yerdə futzal, futbol sonrakı pillələrdə dayanır. Biz öz sahəmizdə nə qədər qələbələr qazansaq da, savaş meydanında əldə etdiyimiz uğurla heç müqayisə oluna bilməz. Şəhid və qazi analarının qarşısında baş əyirəm”.

Kürdov zala dönüşlərinə sevindikləri qədər ağırlığını da hiss etdiklərini vurğulayıb: “Pandemiya başladıqdan sonra axırıncı dəfə ötən ilin martında meydana çıxmışdıq. Ondan sonra zalların fəaliyyəti dayandırıldı. Təxminən 10 aydan sonra evimiz qədər doğma hesab etdiyimiz zala ayaq basdıq. Bu nə qədər sevindirici olsa da, ağırlığını hiss edirdik. Açıq havada nə qədər məşq etsək də, zalda hazırlaşmaq tam fərqlidir. Çalışdıq ki, tez uyğunlaşaq”.

Millinin qələbə qazandığı oyunlara da toxunan qapıçı, xüsusilə də, Slovakiya ilə görüşün çətin keçdiyini bildirib: “Hər iki oyunda qələbə qazansaq da, Slovakiya ilə qarşılaşma daha çətin keçdi. Yunanıstanla onların meydanında üz-üzə gəlsək də, ilk matçla müqayisədə bir qədər rahat oynadıq. Qazandığımız qələbələr reytinq əmsallarına da təsirini göstərdi. Artıq Avropa üzrə beşinci pillədəyik”.

Moldova millisi ilə keçiriləcək oyunların heç də asan olmayacağını deyən Emin futzalda zəif rəqibin qalmadığını qeyd edib: “Bu oyunlara da hazırlaşırıq. Bu gündən toplanışımız başlayır. Məşqlərimizi Bakı İdman Sarayında keçirməyimiz üstünlüyümüzdür. Asan oyun olmayacaq. İndi futzal elə səviyyəyə çatıb ki, zəif rəqib anlayışı qalmayıb. İstənilən halda, qarşımıza maksimum xal qazanmaq tapşırığı qoyulub. Buna nail olmaq üçün səfərbər olacağıq. Qrup mərhələsini birinci pillədə başa vurmalı, Avropa çempionatına birbaşa vəsiqə qazanmalıyıq”.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"