“Heç kimi aldatmağa lüzum yoxdur, o, hazırda yığmaya kömək edə bilməz”

2 Sentyabr 2023 02:10 Sabah 2 167
“Heç kimi aldatmağa lüzum yoxdur, o, hazırda yığmaya kömək edə bilməz”

Sportinfo.az xəbər verir ki, bir neçə gün öncə "Sabah” Ayaz Quliyevi Rusiya Premyer Liqasından transfer etdi.

"Spartak”ın (Moskva, Rusiya) yetirməsi olan futbolçu, karyerası ərzində bu klubun əvəzedici və əsas komandasında, həmçinin Rusiyada "Anji”, "Rostov”, "Arsenal” və "Ximki”də çıxış edən, son vaxtlar nisbətən zəif klublarda görünən, nəhayət?

Azərbaycana gəlməyə qərar verən futbolçunun ölkəmizdəki perspektivi sual doğurur.

Ötən illərdə Azərbaycan pasportu verilib, əsas millimizə gətirilməsi planlaşdıran futbolçunun hazırkı durumu necədir?

Ümumiyyətlə, millimizdə ona ehtiyac varmı? Bu suala mütəxəssislər cavab verib (qaynarinfo).

Arif Əsədov, (yığmamızın məşqçisi)

- Onun oyununu çoxdan izləməmişəm. Mətbuatdan "Ximki”də olduğunu, bəzən oynadığını, bəzən oynamadığını yazırlar. Bilmirəm, hazırlıq dönəmini keçib ya yox. "Sabah”a hansı vəziyyətdə gəlib, bilinmir. Millilərin oyunu ilə əlaqədar fasilə dövrü olacaq. Hazırlıq zamanı performansını yüksəldə bilər. Yəqin ki, klub da bu haqda düşünüb. İndi optimal durumda olduğuna inanmıram. Yaxşı klublarda oynayıb, indi eniş yaşayır. Əlbəttə, istərdim ki, futbolçularımız ölkədən kənarda oynasın. Amma Azərbaycana gəlibsə, göz qabağında olacaq. Hər şey özündən asılıdır, qarşısına məqsəd, qoyubsa, bunun üçün çalışmalıdır. Milliyə gəlişi haqda baş məşqçinin fikrini öyrənsəniz, daha yaxşı olar. Mən bir futbol mütəxəssisi kimi deyə bilərəm ki, vaxtilə izləyirdik, uğurlarına sevinirdik, milliyə dəvət edilməsi planları olduğunu eşidirdik. Amma konkret nəsə demək çətindir.

İlqar Qurbanov (milli komandaların skautu)

- Bir neçə ay əvvəl Antalyada Ayaz Quliyevlə görüşmüşdüm. O zaman "Ximki”də çıxış edirdi. Durumuna baxdım, millimizin baş məşqçisi də onu izləyir. Son qərarı məşqçi verəcək. "Sabah”a gəlib, xeyirli olsun. Onun üçün təzə qapıdır. Özündən çox şey asılıdır. Ümumiyyətlə, potensialı çox yüksəkdir. İstər-istəməz karyerasında eniş görünür. Əlbəttə, nisbətən zəif komandalarda oynaması onun potensialına uyğun deyil. "Sabah” onun perspektivini bildiyi üçün transfer edib. Yəqin ki, aparıcı oyunçuya çevrildikdən sonra milli komandaya da dəvət alar. "Sabah”da onun mövqeyində rəqabət yüksəkdir. Formaya düşməsi üçün stabil şəkildə oynamalıdır. İnanıram ki, oynasa, formasını bərpa edər. Artıq təcrübəlidir. Onun yığmamıza gəlməsinə ehtiyac varmı? Ümumiyyətlə, hazırda millimizin bir çox oyunçuya ehtiyacı var. Heç kimi aldatmağa lüzum yoxdur. Hazırda formada olmadığı üçün, milliyə çağırılması inandırıcı deyil. Heç milli pasportu da yoxdur. Nə vaxt formasını bərpa edər, aparıcı oyunçu olarsa və faydası olacağı düşünülərsə, yəqin o zaman milliyə dəvət alar. Hazırda yığmaya kömək edə bilməz”.

Digər Xəbərlər
Xəbər Lenti