"Asan qarşılaşma olmadı. Rəqib topa daha çox nəzarət edirdi".
Sportinfo.az xəbər verir ki, bunu "Lex"in futbolçusu Mixal Skuraş evdə "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu barədə klubun rəsmi saytına açıqlamasında deyib.
22 yaşlı yarımmüdafiəçi düzgün müdafiə olunduqlarını bildirib:
"Bütün komanda təşkilatlanmış şəkildə müdafiə olundu. Rəqibin üstünlüyünə baxmayaraq, 100 faizlik qol şanları yox idi".
Polşalı oyunçu ikinci hissədə daha yaxşı çıxış etdiklərini söyləyib:
"Fasilədən sonra matça yeni nəfəs gətirən dəyişikliklər bizə yardımçı oldu. 50-ci dəqiqədən tempi artırdıq, rəqibə hücum qurarkən sərbəstlik vermədik.
Həmlələrinin qarşısını almağa çalışdıq və onlar da səhv etdilər. Qol epizodunda Mikael İshak hücumçunun dayanmalı olduğu yerdə idi.
Bunun sayəsində qalib gəldik. Cavab görüşündən əvvəl kiçik üstünlük qazandıq".
Komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq.