
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Tayland “Buriram Yunayted”inin Asiya Çempionlar Liqasındakı matçından sonra dava düşüb.
Çinin “Çjetszyan” komandası ilə qarşılaşmanın ardından futbolçular arasında qarşıdurma olub.
Şeydayev də münaqişənin iştirakçısı olub və rəqib oyunçularla dava edib. Həmyerlimiz çinli futbolçuların kütləvi hücumuna məruz qalmasına baxmayaraq, onlardan birini yerə sərməyə imkan tapıb.
Yaşananlar qısa müddətdə geniş çevrəyə səs saldığından, millimizin digər futbolçusu Şahruddin Məhəmmədəliyev də Çindəki hadisəyə biganə qalmayıb.
“Adana Demirspor”un qapıçısı “instaqram” hesabında müxtəlif səpkili hekayələr paylaşaraq Ramilə dəstək nümayiş etdirib.
O, Şeydayevin qurdların hücumuna məruz qalan aslana bənzədib, məşhur MMA döyüşçüsü Həbib Nurmaqomedovu “söhbətə” qatıb.
Maraq üçün bildirək ki, Ramillə Şahruddin qardaş qədər yaxın dost hesab olunurlar.
Görüş Çin təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Buriram Yunayted” bu məğlubiyyətin ardından 6 xalla qrup üçüncüsüdür.
HƏBİB / SPORTİNFO.AZ