«Azərbaycanlı məşqçilərin xarici klublardan təklif almaması normal haldır, biz buna təəccüblənməməliyik».
Bu açıqlama Sportinfo.az-ın təsisçisi və baş redaktoru İlkin Vaqifoğluya məxsusdur.
«Araz»FM-də yayımlanan «Arena» verlişində Rüfət Nadirlinin qonağı olan müsahib futbolumuzun yaralı problemlərindən birinə toxunub:
«Futbolda reytinq və lobbi fəaliyyəti çox önəmlidir. Milli və klub səviyyəsində nəticələrimiz yaxşı olmadığı üçün başqa ölkələrdə bizim məşqçilərə maraq yoxdur.
Göz qabağında olan, nəticə verən bircə Qurban Qurbanovdur, ona da yalnız Türkiyə və Rusiyanın ortabab klublarından real təklif gəlib.
Millimiz hər mövsüm dünya və Avropa çempionatlarının seçmə mərhələsində ən zəiflərdən biri olursa, «Qarabağ» xaricində klublarımız avrokubokarla tez vidalaşırsa, azərbaycanlı mütəxəssislərə heç kim maraq göstərməz və göstərmir.
Xorvatiya, İtaliya, Portuqaliya, İspaniya kimi futbol ölkəsi deyilik, Avropada «futbol diasporu»muz fəaliyyət göstərmir.
Milli və klub səviyyəsində nəticələrimiz zəifdir deyə, avropalı klub sahiblərinin, menecerlərin ağlının ucundan keçmir ki, azərbaycanlı məşqçilərlə maraqlansın».

