Millimizin qapıçısının Rusiyada üzləşdiyi problem üzə çıxdı

4 May 2022 20:40 Bizimkilər 1 659
Millimizin qapıçısının Rusiyada üzləşdiyi problem üzə çıxdı

Rövşən Hüseynlinin Rusiya karyerasının uğurlu alındığını deyə bilmərik.

Martın sonlarında böyük ümidlərlə Nijnı Novqoroda yola saldığımız Azərbaycanın futzal millisinin qapıçısı “Torpedo”da adına yaraşan statistika yaza bilmədi.

Rövşən düşərgədə olduğu müddətdə komandası çempionatın əsas mərhələsinin son mərhələsində 4 oyun keçirdi. Daha 4 qarşılaşma isə pley-off mərhələsinə təsadüf etdi.

Üzücü məqam 31 yaşlı futzalçının bu qədər matçın yalnız 2-də adının oyun protokoluna salınması və cəmi 1-də əsas heyətdə yer almasıydı.

Çempionluğu əldən verən “Torpedo”nun üzvü Sportinfo.az-a açıqlamasında Rusiyada üzləşdiyi çətinliyin və gözləniləndən az şans qazanmasının səbəbini söyləyib:

“Gəldiyim müddətdən “Torpedo” 8 oyun oynayıb. 4-ü çempionatın son turlarına təsadüf etdi. “Sinara” ilə görüşlərdə adımı iştirak ərizəsinə daxil edə bilməmişdilər deyə, kənarda qaldım.

“Norilsk”lə 2 matç üçün səfərə yollandım, amma adımı yenə sifariş edə bilmədilər. Belədə komanda oyuna tək qapıçı ilə çıxmalı oldu.

Və “Qazprom”a qarşı 4 pley-off qarşılaşması. 1-ci oyunda sənədlərim düzəlmişdi, amma matç saatına qədər adımı sifariş etmək alınmadı.

İkinci matçda legioner limitinə görə kənarda qalmalı oldum. Son 2 oyunda adım iştirak ərizəsinə idi, 1-də əsas heyətdə yer aldım, digərində ehtiyatda qaldım”.

Rövşən Hüseynlinin “Torpedo” ilə müqaviləsinin müddəti maya qədər idi.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti