Almaniyanın “Verl” klubunda çıxış edən Maksim Bayramov sportal.az-a açıqlama verib.
Sportinfo.az xəbər verir ki, Moldovanın U-17 yığmasının kapitanı olduqdan sonra Azərbaycanın U-19 yığmasına cəlb edilmiş Bayramov sonradan yığmamıza cəlb olunmamasından söhbət açıb.
Futbolçu Azərbaycan yığmasında oynamaq istədiyini bildirib. Atası azərbaycanlı, anası Moldovadan olan 21 yaşlı futbolçu Azərbaycan çempionatından oynamağa hazır olduğunu da deyib:
"Verl"in ikinci komandasındayam, işlərim pis getmir, oynayıram, məşqlərimi edirəm. Klubla müqaviləm yayda başa çatacaq. Hələ ki, yeni müqavilə haqda danışmamışıq.
Azərbaycandan təklifim yoxdu, lakin digər ölkələrdən təklif almışam. Azərbaycan Premyer Liqasında oynamaq da maraqlı olardı.
Azərbaycanın U-19 yığmasına cəlb edilmişdim. Azərbaycanda məni niyə unutdular? Yəqin ki, yetərincə yaxşı deyiləm.
Deyəsən, Azərbaycanda məni unudublar. Amma mən Azərbaycan millisində oynamağı çox istəyirəm. Bilirsiz, atam azərbaycanlıdı.
O, vətənini çox sevir və məni Azərbaycan millisinin formasında görməyi də çox istəyir. Qeyd edim ki, atam Moldova Azərbaycanlıları Konqresi Şurasının sədridi".

