Fevralın əvvəlində Mahir Emreli “Dinamo” ilə müqavilə bağlayanda, adam klubun sosial şəbəkə hesablarına baxmaq istəmirdi.
Azərbaycan millisinin hücumçusu Xorvatiyada qəbul olunmur, tanınmış olmadığı üçün məsxərəyə qoyanlar tapılırdı.
Hətta fanatlar arasında həmyerlimizin komandaya kiminsə tapşırığı əsasında transfer olunduğunu deyənlər də tapılmışdı.
Mahir zamanla rəqib qapılarının tir və dirəklərini yoxladı, son həftələrdə 2 qola imzasını yazdırdı və nəhayət, zaqrebli çılğın fanatların sevgisini qazandı.
İndi “11 nömrə”ni “Dinamo”nun “11-liy”ində yer almasını alqışlayır, Emrelinin bunu haqq etdiyini deyirlər.
Aprelin 24-də “HNK Qoritsa” ilə “Dinamo” arasında baş tutan oyundan əvvəl klubun “feysbuk” səhifəsində əsas heyət təqdim olunmuş, həmin heyətdə futbolçumuz da yer almışdı.
Yeni baş məşqçi Ante Çaçiçin heyət seçimi azarkeşlərin sevincinə səbəb olub. Onlar Jelko Kopiçin dönəmində daim “11-lik”də yer alan Bruno Petkoviçin ehtiyatda qalıb,
Mahirin ilk dəqiqələrdən oynamasına şad olduqlarını gizlətməyiblər. Bu isə o deməkdir ki, həmyerlimiz Xorvatiyada sevilir və onun bacarığına güvənirlər.
“Nəhayət, Qoyakla Petkoviçsiz ideal əsas heyət görə bildik”.
“Qoyakla Petkoviç yoxdursa, deməli, rəqiblə eyni sayda oynayacağıq. Əvvəl 2 nəfər azlıqda oynayırdıq”.
“Heyətə ədalətli yanaşma”.
“Bu gün “Dinamo”nun ideal “11-liy”i budur. Hər bir məşqçi bu futbolçuları seçərdi, bir Kopiçdən başqa”.
“Şükür Allaha, axır ki, istədiyimiz heyəti görmək qismət oldu”.
“Klassik 4-2-3-1-in qayıtması münasibəti ilə hamınızı təbrik edirəm. Sağda Emreli, solda İvanusek, mərkəzdə Ademi, “yuxarı başda” Orşiç. Möhtəşəm!”
“Əla! Öncəki oyunlarda da bu heyət olsaydı, turnir cədvəlindəki vəziyyət başqa cür olardı. Bu gün 11 futbolçu ilə mübarizə aparacağıq”.
HƏBİB / SPORTİNFO.AZ

