Emil Balayevin "Qarabağ"dan ayrılmaqda başlıca məqsədi daim oynayacağı bir yerə getmək idi.
Elə bu niyyətlə də 28 yaşlı qapıçı ötən ay "köhlən atlar"dan ayrılaraq üz tutdu ona tanış məkan olan Qazaxıstana. Qolkiper məhz bu ölkənin təmsilçisi "Turan"la anlaşdı.
Amma böyük ümidlərlə yollandığı klubda Balayevi izləyən uğursuzluqlar bir-birini əvəzləməyə başladı.
Martın 4-ü transfer olunduğu yeni klubunda cəmi bir gün sonra onun adı "Tarzan"la matçın sifariş ərizəsinə salındı. Matçı ehtiyatda keçirən qapıçımızın növbəti turlar oynamaq fürsəti qazanacağına ümid edirdik. Amma bu məqamda həmyerlimiz məşqdə zədə almış oldu. Milli komandanın Malta toplanışını da buraxmalı legionerimiz bərpa prosesini ölkəmizdə keçdi.
Bir neçə həftə əvvəl Qazaxıstana yola düşsə də onun adı son matçlar sifariş ərizəsindən kənarda qalırdı.
Bundan başqa "Turan"a keçidində maraqlı olan baş məşqçi Vladimir Qazzayev istefaya göndərildi. Ardınca onun köməkçi məşqçisi olan digər həmyerlimiz Vaqif Cavadov da klubdan ayrılmağa qərar verdi.
Balayev dünən "Kayrat"la baş tutan görüş üçün sifariş olunsa da 90 dəqiqə ehtiyatda oturmalı olub. Yeni çalışdırıcı qapıçımıza əsas heyətdə şans tanımayıb. Balayevin oynamaq üçün "Qarabağ"dan ayrılıb "Turan"a keçməsindən 2 aya yaxın vaxt keçib, amma heç debut etmək belə futbolçumuza qismət olmur.
Bir sözlə, Emil Balayev "yağışdan çıxıb yağmura düşüb". Bu yağmurun nə vaxta kimi davam edəcəyi isə kimsəyə məlum deyil.
XANOĞLAN İMANOV

