Portuqaliyada tarixi zəfərin biraddımlığında olan azərbaycanlı

21 Aprel 2022 14:00 Bizimkilər 887
Portuqaliyada tarixi zəfərin biraddımlığında olan azərbaycanlı

Azərbaycan millisinin üzvü Renat Dadaşovun şərəfini qoruduğu "Tondela" tarixində ilk dəfə Portuqaliya kubokunda finala yüksəlib.

Həmyerlimizin komandası yarımfinal mərhələsinin "Mafra" ilə cavab görüşündə bərabərə qalmaqla (1-1) bu uğuru əldə edib. İlk matç isə "Tondela"nın 3-1 hesablı qələbəsi ilə başa çatmışdı.

Ümumiyyətlə, 154 komandanın qatıldığı Portuqaliya kubokunda "Tondeal" yarışa üçüncü turdan start verib. Yarımfinala kimi turlar bir matçdan ibarət olub.

Komanda ardıcıl olaraq üçüncü mərhələdə "Camacha"nı 2-1, dördüncü mərhələdə "Leioxes"i 3-1, 1/8 final mərhələsində "Estoril"i 3-1, 1/4 final mərhələsində isə "Rio Ave" klubunu 1-0 məğlubiyyətə uğradaraq yarımfinala yüksəlmişdi.

Dadaşov yuxarıda sadaladığımız bütün mərhələlərdə qazanılan qələbələrdə pay sahibi olub. Belə ki, 6 matçda toplam 136 dəqiqə baş məşqçi Paka Ayasteran ona oynamaq fürsəti verib. 136 dəqiqədə 6 matçın ayrı-ayrılıqda payı var.

22 yaşlı forvard üçün bu matçlar arasında ən yadda qalanı sözsüz ki, 1/4 final mərhələsinin "Rio Ave" matçı olub. Belə ki, Renatın turnirdəki yeganə qolu məhz həmin görüşə təsadüf edir.

Və onun qolu həyati əhəmiyyətli qol olur. Çünki 90 dəqiqəsi 0-0 bitən görüşdə tərəflər əlavə 30 dəqiqə oynamalı olur.

Əlavə vaxtın oynandığı 95-ci dəqiqədə meydana çıxan hücumçumuz bir dəqiqə sonra vurduğu qolla həm komandasına qələbə qazandırır, həm də yarımfinal mərhələsinə vəsiqəni təmin edir.

Dadaşovun tarix yazması üçün qarşıda bir matçı var. Finaldakı rəqib isə bu gün baş tutacaq "Portu" - "Sportinq" cütünün qalibi olacaq. İlk matçda səfərdə 2-1 qalib gələn "Portu" finala daha şanslı görünən tərəfdir.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!