“Antalyada 3 günlük toplanışda iştirak etdik. Kampın səmərəli alındığını deməliyəm”.
Türkiyədən yeni qayıdan “Beşiktaş-Azərbaycan” futbol məktəbinin məşqçisi Nicat Qurbanov “Beşiktaş”ın qardaş ölkədə keçirdiyi seçimlər haqda Sportinfo.az-a danışıb.
Türkiyə nəhəngi “Beşiktaş”ın yeniyetmə futbolçular arasında turnir təşkil etməsində məqsədi komandalardakı uşaqların bacarığına nəzər yetirmək və aralarından ən istedadları seçmək olub.
Əsasən yerli komandaların, ölkə xaricindən isə yalnız “Beşiktaş-Azərbaycan”ın iştirak etdiyi turnirdə bizimkilər medal qazanıb. “Qara qartal”ın skautları isə bir neçə azərbaycanlını gözaltı edib.
Qurbanovun dilindən eşidək:
“Antalyaya 4 komanda ilə getmişdik ki, onlardan 3-ü turniri medalla başa vurdu. Komandalarımızdan 2-si gümüş, 1-i bürünc medalları əldə etdi.
Skautlar 6-7 futbolçumuzu bəyənib. İndi Türkiyədən məktub gözləyirik. Mayda İstanbulda sonuncu seçim mərhələsi olacaq.
Həmin yoxlanışdan da uğurla keçsələr, “Beşiktaş”la müqavilə bağlayıb, klubun akademiyasında qalacaqlar. Hər şey özlərindən asılıdır.
Əllərinə əla imkan düşüb. Bu ilin sonunda, ən pis halda gələn ilin əvvəlində növbəti seçimlər olacaq”.
Maraq üçün xatırladaq ki, vaxtilə “Neftçi”, “Simurq”, “Sumqayıt”, “Keşlə” kimi yerli komandaların formasını geyinmiş Nicat Qurbanov Gürcüstanda legioner həyatı yaşayıb.
Yanvarda futbolçu karyerasını 29 yaşında başa vuraraq məşqçiliyə başlayıb.
HƏBİB

