Vaqif Cavadov hələ də Türkiyədədir.
“Turan” xeyli müddət öncə Qazaxıstana qayıdıb, hətta çempionatda ilk rəsmi matçına çıxmağa imkan tapıb.
Lakin Cavadov köməkçi-məşqçi qismində bir neçə legionerlə Antalyada qalıb. Səbəb əcnəbilərin viza məsələsinin yoluna qoyulmamasıdır.
Futbolçularla birlikdə kurort şəhərində qalan Vladimir Qazzayevin köməkçisi onlara məşq keçir, fiziki durumlarına nəzarət edir.
Vaqif bəy ötən həftəiçi Qazaxıstana uçmalıydı. Lakin viza məsələsi ilə bağlı yubanma yaşandığından, bir müddət gözləmək məcburiyyətində qalıb.
Ortaya gözlənilməz problem çıxmasa, Cavadov ən pis halda cümə gününə qədər Çimkəndə yollanacaq.
Emil Balayevin də formasını geyindiyi Türkistan təmsilçisi martın 5-də Qazaxıstan çempionatında keçirdiyi ilk görüşdə “Taraz”ı qəbul edib və oyun qolsuz bərabərliklə başa çatıb.
Martın 12-də “Akjayik”lə nəzərdə tutulan oyun isə əlverişsiz hava şəraitinə görə qeyri-müəyyən vaxta təxirə salınıb.
HƏBİB / SPORTİNFO.AZ

