Azərbaycanlı futbolçu Nazım Bağırovun müqavilə bağladığı “MKS Podlasie Biala Podlaska” bu gün Polşa çempionatında oyuna çıxacaq.
Biala Podlaska təmsilçisi çempionatın ikinci yarısının ilk görüşündə səfərdə “Korona Jejov”un qonağı olacaq.
10 gün əvvəl Polşanın 3-cü liqa təmsilçisi ilə müqavilə bağlayan Bağırov bu matçın iştirakçısı ola bilməyəcək. Halbuki, yoldaşlıq görüşündə meydana çıxıb, vurduğu 1 qol və verdiyi qol ötürməsi ilə yadda qalıb.
Nazimin problemi işçi vizasına sahib olmamasıdır. Əslində, əlində turist vizası var və müvəqqəti həmin sənədlə oynaya bilər. Sadəcə, polyaklar riskə getmək istəmədən bir müddət gözləməkdə maraqlıdır.
İş burasındadır ki, klub bu ayın əvvəlində həmyerlimizlə bağlı viza müraciəti edib. Müraciətə cavab isə 4 həftə müddətində gəlir.
Yəni bu ayın sonuna qədər həll olunmalıdır. “MKS Podlasie Biala Podlaska” rəsmiləri isə əsas heyət gözündə gördüyü Bağırovun xidmətindən ən qısa zamanda yararlanmaq istəyir.
Onu da qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi Polşa klubunda “9 nömrə” altında mübarizə aparacaq. Məşqçilər heyəti azərbaycanlı futbolçunun münasibətinə isti yanaşıb.
“MKS Podlasie Biala Podlaska” 18 turdan sonra topladığı 21 xalla 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.
Nazim Bağırov “Bakı”nın yetirməsi olsa da, ötən mövsümü “Neftçi-2”də keçirib, bu komanda ilə Birinci Divizionun qalibi olub.
Yayda Gürcüstan “Şevardeni”si ilə müqavilə bağlayaraq dekabra qədər bu komandada 4 oyun keçirib.
HƏBİB / SPORTİNFO.AZ

