Turan Manafovun Yunanıstandakı işləri qaydasında düşür.
Yanvarda bu ölkənin Birinci Liqa təmsilçisi “Olimpiakos Volos”la müqavilə bağlayan 23 yaşlı həmyerlimizin ötən həftə verdiyi koronavirus testinin cavabı pozitiv olmuşdu.
Bu üzdən məşqlərdən kənar qalmış, nəticədə PAOK-un əvəzedici komandasına və “Anagennisi”yə qarşı forma şansı qazanmamışdı.
Sonuncu dəfə fevralın 13-də rəsmi matçda iştirak edən Manafovdan xəbər var. “Səbail”ə məxsus olub icarə əsasında Yunanıstanda legioner həyatı yaşayan solaxay futbolçu artıq fərdi məşqlərə başlayıb.
Hələ ki, yüngül qaçışla kifayətlənən Turan yaxın günlərdə kollektiv çalışmalarda iştirak edəcək. Bu isə ən qısa zamanda yaşıl meydanlara qayıdacağı deməkdir.
Martın 12-də “Ksanti” ilə çempionat görüşündə oynamayacağı dəqiqdir.
“Olimpiakos Volos”la maya qədər anlaşan Turan Manafov bu komandada 4 oyunda 337 dəqiqə şans qazanıb.
hƏBİB / SPORTİNFO.AZ

