Ötən ay Avstriya klubu ilə anlaşan Amit Quluzadə fevralın sonuna qədər vətəni tərk etməliydi.
Lakin səfirliyin vizanı vaxtında verməməsi 29 yaşlı futbolçunun yubanmasına səbəb oldu.
Odur ki, Amit yalnız martın 7-də Avstriyaya yollana bildi.
Quluzadə martın 7-dən “ATSV Stadl-Paura”nın düşərgəsindədir. Məşqçi və futbolçu heyəti ilə görüşüb, məşqlərə başlayıb.
Həmyerlimiz yeni komandasında seçim qarşısında qalıb. O, qısa müddətdə kürəyində daşıyacağı nömrəni müəyyənləşdirməlidir. Bu mənada Amitə bir neçə variant təklif olunub: “14”, “21”, “25”.
“ATSV Stadl-Paura” qış fasiəsindən sonra ilk oyununu martın 12-də keçiriəcək. Millimizin sabiq üzvü ayın 10-na qədər nömrə seçimini etməlidir ki, klub onu çempionat üçün sifariş etsin.
Hazırlıq mərhələsində iştirak etməyən futbolçunun martdakı qarşılaşmalarda meydana çıxacağı inandırıcı görünmür. Azı 2-3 həftə kollektivlə birgə olmalıdır ki, məşqçi istədiyini ala bilsin.
Amit Quluzadə futbolçu karyerasında “Rəvan”, “Sumqayıt”, “Qəbələ”, “Səbail”, “Ərciyəsspor” (Türkiyə), “Atletiko” (Portuqaliya), AEL (Yunanıstan), “Drita” (Kosovo), “Çelik”də (Bosniya və Hersoqovina) və "Milsami"də (Moldova) çıxış edib.
HƏBİB / SPORTINFO.AZ

