Avropa Liqasında “Sevilya” ilə oyunlarda “Dinamo”nun formasını tərlədən Mahir Emreli, nəhayət, Xorvatiya çempionatında da debüt etdi.
Lakin bu dəfə əvəzetmədən sonra yox, birbaşa start heyətində.
Bir saat meydanda olan millimizin üzvü vurulan 3 qolun heç birində adını tabloya yazıda bilmədi.
Halbuki, ilk hissədə cərimə meydançasının xaricindən vurduğu özünəməxsus zərbədən sonra top qapı tirinə tuş gəlməsəydi, zaqrebli fanatlar möhtəşəm qol izləyəcəkdi.
Mahir oyundan sonra “Dinamo”nun mətbuat xidmətinə oyunla bağlı qısa fikirlərini bildirib:
“Uzun müddətdir ilk “11-lik”də yer almırdım. Belə bir oyunda adımı start heyətində görmək möhtəşəm hiss idi. Bu, “Dinamo” ailəsi üçün özəl matç idi. Vacib olan qələbə idi ki, onu da qazandıq”.
Fevralın əvvəlində “Dinamo” ilə müqavilə bağlayan Mahir Emreli yeni komandasında 3 oyunda üst-üstə 120 dəqiqə meydanda olub.
HƏBİB / SPORTİNFO.AZ

