Emil Balayevdən gecikmiş, amma doğru qərar

5 Mart 2022 22:20 Bizimkilər 721
Emil Balayevdən gecikmiş, amma doğru qərar

Emil Balayev ilk günlərdən Azərbaycanın istedadlı qapıçılarından sayılıb.

"Neftçi"də yetişib, Almaniya "Ayntraxt"na kimi yüksəlib. Amma karyerasının ən yüksək nöqtəsinə Azərbaycan və ya Almaniya klubunda yox, Qazaxıstan "Tobol"unda çatıb.

Məhz 2019-cu ilin yanvarında transfer olunduğu Asiya təmsilçisindəki parlaq çıxışı onu hətta ölkənin əsas millisində "bir nömrə"yə çevirmişdi.

Hər şey yolunda gedir və Balayevin istedadının bundan da artığına imkan verdiyinə böyük ümidlər vardı. Amma sən saydığını say, gör fələk nə sayır.

Mərdimazar erməni Qriqori Babayanın “Tobol”a baş məşqçi təyin olunmasından sonra Balayev haqqlı olaraq klubdan ayrılmaq qərarı verdi. Amma ardınca yanlış addım ataraq vətənə qayıtdı. Ki, bundan sonra onun parlayan ulduzu sönməyə başladı.

Əslində 2020-ci ilin martında "Zirə"yə gələn 25 yaşlı qolkiperin həmin ilin yayından legioner həyatı yaşayacağı ehtimal edilirdi. Amma o, bir neçə ay sonra "Qarabağ"a keçməklə burda uzun müddət qalmaq niyyətini göstərmiş oldu.

Sonrakı proseslər Balayevin nə qədər yalnış addım atmış olduğunu əyani isbatladı. Öncə "Qarabağ"da Şahruddin Məhəmmədəliyevlə rəqabətdə uduzan qapıçı, ardınca millidə möhkəmləndiyi "bir nömrə" statusunu da itirmiş oldu.

Elə o vaxtlar da yazmışdım ki, Emil bu stiuasiya ilə barışmamalı və daha çox oynayacağı komandaya getməlidir.

Ki, Balayev ehtiyatda qalmalı qapıçı deyil. İstedadını açması üçün davamlı oynaması mütləqdir. "Qarabağ"da həmin fürsəti almadısa, ruhdan düşməməli, fürsət alacağı yerə qaçmalıydı. Amma Balayev ilyarım əvəzləyici olmağa razılaşdı.

Nəhayət, dünən daşı ətəyindən atıb, yenidən Qazaxıstana getməyə qərar verdi. Düzdü, bir qədər gecikmiş qərardı, amma tam doğru qərardı.

Bu dəfə "Tobol"a yox, "Turan"a gedən Balayev üçün parlamaq, yenidən ölkənin bir nömrəsi olmaq fürsəti daha çoxdur.

Ki, məşqçilərindən biri də hamımızın yaxşı tanıdığı azərbaycanlı balası Vaqif Cavadovdur. Ümid edək ki, hər şey elə ikisi üçün də uğurlu olacaq.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!