"İki ay idi ki, Kiyevə köçmüşdük, indi isə nisbətən təhlükəsiz yerə gəlmişik".
Bu sözləri Sportinfo.az-a açıqlamasında Pərviz Nəsibov deyib.
Tokio Olimpiadasında Ukraynaya yunan-Roma güləşində gümüş medal qazandıran həmyerlimiz ailəsinin çətin vəziyyətlə üzləşdiyini bildirib:
"Bilirsiz ki, biz əvvəl Nikolayev şəhərində yaşayırdıq. Olimpiadada medal alandan bir müddət sonra Kiyevə gəldik. Gəldiyim vaxtdan burada bir narahatlıq var idi.
Rusların Ukraynaya hücum edəcəyi deyilirdi, amma yenə heç kim buna inanmaq istəmirdi. Paytaxt çox böyükdür və biz müharibə başlayandan bəri yerimizi dəyişmişik.
Şəhərin nisbətən təhlükəsiz ərazisindəyik. Amma yenə də hər dəqiqə nəsə ola bilər. Sizinlə danışdığım bu dəqiqələrdə Kiyevdə həyacan siqnalı çalınır.
Komendant saatı tətbiq olunur. Müəyyən saatlarda küçəyə çıxmaq qadağandır. Qalan vaxt uzaq məsafəyə gedə bilməzsən.
Yalnız ərzaq almaq üçün yaxınlıqdakı marketə baş çəkə bilərsən. Evdə yemək-içmək var, korluq çəkmir.
Ancaq insanlar çox qəzəblidir, rusların Ukrayna ərazisinə soxulması ilə barışmırlar. Burada hamı silaha sarılmağa hazırdır.
İnsanları qəzəbləndirən həm də Rusiya mətbuatının yazdıqlarıdır. Onlar tamamilə dezinformasiya yayırlar, öz xalqlarını da aldadırlar.
Keçən dəfə eşitdim, rus əsgərləri silahlarını gətirib ukraynalı sakinlərə verir ki, bunları götürün, əvəzində bizə yemək verin, acıq.
O gün də yaşlı kişinin sürdüyü maşının üstündən tankla keçiblər. Möcüzə olub, adam sağ qalıb.
Yaşayış evlərini vururlar. Hərbiçi, yaxud sivil insanlar – onlar üçün fərq eləmir. Kimi görürlər, öldürürlər. Haranı görürlər, oranı vururlar.
Bura mənim ikinci vətənimdir. Mən də bu torpağı qorumaq üçün əlimdən gələni etməyə hazıram".

