Qışda “Neftçi”dən “Renova”ya keçən Nazim Məmmədzadə hələ ki, Şimali Makedoniya çempionatında debüt etməyib.
Bu isə onun hələ ki, sənəd məsələlərinə görə sifariş olunmaması idi.
Sportinfo.az xəbər verir ki, sportal.az-a müsahibə verən Nazim Şimali Makedoniyadakı vəziyyətindən, ona yaradılan şəraitdən söz açıb.
- Məşqləriniz necə gedir? Hər şey ürəyincədi?
- Məşqlərimiz əla gedir. Tam adaptasiya olmağım üçün bir az vaxt lazım oldu. Çünki məşqlər intensiv keçir. Hazırda vəziyyət yaxşıdı.
- Yəni, adaptasiya sarıdan problemin yoxdu...
- Əlbəttə ki, arada Bakı və ailəm üçün darıxıram. Amma buradakı vəziyyətimdən razıyam və bütün fikrimi də “Renova”dakı məşqlərimə yönəltmişəm.
- Klub sənə lazımı şəraiti yaradıb?
- Mənim üçün əla şərait yaradıblar. Ayrı evdə qalıram və gündəlik yeməyimi də klubun hesabına restoranda yeyirəm. Ona görə də mənə ayrılan şəraitdən narazılıq edə bilmərəm.
- Maraqlıdı, futbolçularla hansı dildə ünsiyyət qurursan?
- Dillə bağlı problemim yoxdu. Çünki 6 dil bilirəm. Lazım olanda ispan, türk və ya ingiliscə ünsiyyət qururam. Bu mənada ünsiyyətlə bağlı problemim yoxdu.
- Sənəd məsələsi nə vaxt yoluna düşəcək?
- Sənədlərim demək olar ki, hazırdı. Bu yaxınlarda lazım olan bütün sənədlər əlimdə olacaq və oynamağımla bağlı problem qalmayacaq.
- O zaman belə çıxır ki, sənəd məsələləri yoluna düşərsə, iki gün sonra “Pelister”lə səfər matçında debüt edə bilərsən?
- Onu mən deyə bilmərəm. Çünki bu, baş məşqçinin qərarıdı. Ancaq özümü 100 faiz hazır hiss edirəm. Hər zaman komandaya kömək etməyə hazıram.

