Daha bir həmyerlimiz karyerasını Polşada davam etdirəcək.
Nazim Bağırov iki həftədir düşərgəsində olduğu komandadakı sınaqdan uğurla keçib.
Baş məşqçi 22 yaşlı azərbaycanlının xidmətində maraqlıdır.
“MKS Podlasie Biala Podlaska” adlı klub Bağırovla 4 aylıq, yəni mövsümün sonuna qədər müqavilə bağlayacaq. Tərəflər arasında sözləşmə fevralın 28-də rəsmiləşəcək.
Xatırlayırsınızsa, bir neçə gün öncə Nazimə Avstriya klubu “Bişofshoven”dən rəsmi təklif göndərilmişdi. Lakin futbolçu ilə agenti təklifə isti yanaşmayıb.
Bağırovun agenti İlkin Əliyev saytımıza açıqlamasında “Bişofshoven”in Regional Liqada mübarizə apardığını və bu üzdən müştərisini ora göndərməkdə maraqlı olmadığını deyib. Polşanın 3-cü dəstəsi isə peşəkar liqa statusu daşıyır.
Nazim Bağırov “Bakı”nın yetirməsi olsa da, ötən mövsümü “Neftçi-2”də keçirib, bu komanda ilə Birinci Divizionun qalibi olub.
Yayda Gürcüstan “Şevardeni”si ilə müqavilə bağlayaraq dekabra qədər bu komandada 4 oyun keçirib.
HƏBİB / SPORTİNFO.AZ

