"Qarabağa nəzarət bizim əlimizdədir" - Ağdərəyə daxil olan ilk tankçı

28 Fevral 2021 19:50 Bizimkilər 1 048
"Qarabağa nəzarət bizim əlimizdədir" - Ağdərəyə daxil olan ilk tankçı

"Ağdərəni niyə almadıq?" iradla soruşanlara aydınlıq gətirək ki, 1992-ci ildə Ağdərəyə (Mardakertə) ilk daxil olan tankçı kimi mən də istərdim, Ağdərə alınsın, Xankəndi alınsın, Xocalıya əhalimiz dərhal köçsün.

Sportinfo.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında hərbi ekspert Nazim Bayram deyib.

Ekspert bildirib ki, Şuşa bizdədirsə, Qarabağa hərbi nəzarət bizdədir:

"Bu, müharibə arzuları idi. Paşinyan noyabrın 10-u gecə təslim olmasaydı, səhər Ağdərəyə hücuma hazır idik. Lakin atəşkəs imzalandı, müharibə bitdi, hərbi arzular donduruldu. Qədim Çin hərb mütəfəkkiri Sun-Szıdan tutmuş ABŞ kimi fövqaldövlətin ideoloqlarından olan Henri Kissincer və bütün hərbi strategiyalar deyir ki, "Müharibəni istədiyiniz vaxt başlaya bilirsiniz, ancaq istədiyiniz vaxt dayandıra bilmirsiniz". Bunun səbəbi ondadır ki, mübarizə metodu səhv seçilmiş olur, yaxud qalib vaxtında dayana bilmir.

Müharibə indiyə kimi uzanacaqdı
Şuşa bizdədirsə, Qarabağa hərbi nəzarət bizdədir. Qarabağ bizdədirsə, ikinci erməni dövlətinin torpaqlarımızda yaranması mümkünsüzdür. Düşmən təslim olmağa hazır olduğu şəraitdə, Rusiyanın atəşkəs təklifini rədd edib, Xankəndini alıb, Araiki qandallamaq üçün dünyanı, BMT-nin TŞ-nı qarşımıza almalıydıq. Belə olacağı təqdirdə müharibə indiyə kimi uzanacaqdı və sonu necə nəticələnəcəkdi məlum deyil.

Qələbəmiz nadir dünya hərb və diplomatiya incisidir
Xankəndi, onsuz da, Şuşadan ovucumuzun içindədir, Laçın, Kəlbəcər Qarabağı arxadan bağlayır. Düşmən ordusu darmadağın oldu, görünən perspektivdə Ermənistanın ordu ilə üstümüzə gəlmək şansı yoxdur və bələyindəcə boğulacaq, qalanını siyasi yollarla qalib mövqeyindən həll etmək olar. Müharibəni ən əlverişli şəraitdə bitirmək qələbənin özüdür. Digər parlaq göstəriciləri ilə bərabər, bu göstəriciyə görə də qələbəmiz mükəmməldir, nadir dünya hərb və diplomatiya incisidir".

Digər Xəbərlər
Xəbər Lenti