2021-ci ildən 1982-ci ilə tutulan ayna ŞUŞA…

17 Yanvar 2021 21:30 Bizimkilər 377
2021-ci ildən 1982-ci ilə tutulan ayna ŞUŞA…

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinə səfəri, səfər müddətində etdiyi çıxışlar, verdiyi ismarınclar və Şuşa xatirələri, tarix, bugün və gələcəyə yönəlik fikirləri fövqəladə dərəcədə önəmli, öyrənilməli, örnək alınmalı fikirlərdir.

Əlbəttə, tarix öz səhifələrində bu səfərə, bu səfəri mümkün edən (44 günlük müharibədə qazanılmış) möhtəşəm zəfərə və əlbəttə, bir liderin Vətəncanlılığına, sözübütövlüyünə, müdrikliyinə yer verəcək!

“Şuşasız bizim işimiz yarımçıq qalar” kəlamı 44 günlük müharibənin getdiyi günlərdə deyilmişdi, bəlkə o sözə, o günədək kimlərdəsə narahatçılıq yaxud şübhə vardısa da, dediyi sözləri, verdiyi vədləri zərgər dəqiqliyi ilə, zamanında, məqamında və dərəcəsində yerinə yetirən dövlət başçısının bu sözlərindən sonra şübhəyə yer qala bilməzdi! Öz xalqının dövlətcanlılığını, öz Ordusunun qüdrətini, başçılıq etdiyi dövlətin imkanlarını əla bilən, beynəlxalq münasibətlər sisteminin gerçəkliklərinə yaxşı bələd olan İlham Əliyev, qələbəmizi Şuşa zəfəri ilə taclandıracaqdı, əlbəttə! Elə də oldu! Sonra Şuşaya yol çəkilişi başladı, sonra Şuşada müvafiq dövlət qurumları öz fəaliyyətini bərpa etdi, daha sonra Şuşa mədəniyyət paytaxtı elan olundu və budur, Prezident, xanımı və qızı ilə ölkəmizin siyasi paytaxtından mədəniyyət paytaxtına səfər etdi!

Qarabağ torpaqlarını, Azərbaycanın, bütün Qafqazın incisi Şuşa şəhərini azad edən gənclər harada yetişmişdi? – Heydər Əliyev məktəbində, İlham Əliyev idarəçiliyi dövründə! Məhz vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil Şuşa uğrunda müqəddəslik uğrunda vuruş nümayiş etdirdi! Prezident İlham Əliyev 17 ildir ölkə rəhbəridir; bu illər ərzində yetişən insanlar dağlar başındakı inci şəhərimizin ruhunu incitmədən azad etdi. Əlbəttə, hər bir yaşdan, bütün nəsillərdən olan vətəndaşlarımızın Tarixi Zəfərimizdə öz zəhməti, özünəxas payı vardır, ancaq əsas yük, əsas vəzifə, döyüşə-döyüşə dağlara dırmaşmaq, dağların başında yuvalanmış düşmənə toy tutmaq məhz gənc nəslin üzərinə düşdü.

Tarixi Zəfərimizin rəmzi olaraq Dəmir Yumruq təsadüfən seçilməyib; cənab Prezidentin dediyi kimi, bu yumruq həm gücümüzün, həm də birliyimizin rəmzidir. Respublikamız hər kəsə göstərdi ki heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən lider necə qələbə qazanır.

Nə gözəl təvafüqdür: Nizami İli, Füzuli-Şuşa Yolu və Vaqif Poeziya Festivalı!.. 2021-ci ilin öz mistikası var. Füzuli beynəlxalq hava limanı da, Füzuli-Şuşa dördzolaqlı (bəzi yerlərdə altızolaqlı) yeni avtomobil yolu da, yalnız fiziki yaxud iqtisadi amillərlə şərtlənmir, bu, ruh dirçəlməsidir, bu böyük gələcəyə uzanan qollar, açılan yollardır…

Müzəffər Ordumuzun işğaldan azad etdiyi ərazilərdə beynəlxalq aeroportlar başda olmaqla, nəqliyyat-kommunikasiya infrastrukturunun formalaşdırılmasının necə bir strateji önəm daşıdığı, dosta da, düşmənə də bəllidir. Böyük gələcəyə gedən yolda bizim qarşımızda olmaq ağılsızlıq, yanımızda olmaq qazancdır. Ermənistanın iki yoldan birini seçməkdən başqa yolu yoxdur, çünki erməni cəmiyyəti, Ermənistan siyasi-hərbi hakimiyyəti uzun illər yolsuzluq edib, qansızlıq edib, Allahsızlıq edib. Heç XX yüzilin 30-cu illərindəki “Allahsızlar Cəmiyyəti”nin rəhbərləri, fəalları, son 30 ildə ermənilərin Qarabağda etdiyi miqyasda allahsızlıq etməmişdir. Məscidləri dağıtmaq, məscidlərə donuz doldurmaq, dağıtmadığı məscidlərin təyinatını dəyişdirmək, bu da mümkün olmadıqda özgələşdirmək, ziyarətgahları Azərbaycan-türk sənət-memarlıq üslubundan yayınıdrmaq kimi xəbis, yaramaz “sərzənişlər” içində olub ermənilər.

Prezidentin işğaldan azad edilmiş torpaqlarımıza səfərləri vaxtı dağıdılmış abidələrimizə, ziyarətgahlara, ümumən erməni vəhşiliyinə, barbarlığına diqqət çəkməsi etiraf edib-etməməsindən asılı olmayaraq, düz-dünyanın diqqətinə çatır.

Dünya erməniliyinin uzun illər boyu Azərbaycan əleyhində qalaq-qalaq vəsait xərcləyib formalaşdırmağa çalışdığı, bir çox hallarda nail olduğu, müəyyən dairələri şübhəyə saldığı yaxud ən azı neytrallığa itələdiyi beynəlxalq ictimai fikir indi dilemma qarşısındadır: Azərbaycanın haqlı səsini eşitməlimi, eşitməməlimi? Eşidincə, ərkəsöyün, yaramaz, şər yuvalanması olan dünya erməniliyi bir institut kimi tarixin zibiliyinə tullanmalıdır; eşitməyincə, qalib, varlı, perspektivli Azərbaycan kimi bir dostdan məhrum olmalıdır…

Şuşa Qarabağın, Qarabağ Azərbaycanın ürəyidir, gözüdür! Ürəyimiz, gözümüz Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Müzəffər Azərbaycan Ordusunun möhtəşəm qələbəsi ilə tapdaqdan azad olunub.

Prezident İlham Əliyev 39 il bundan öncə, 14 yanvar 1982-ci ildə Şuşaya səfər etmişdi, bu dəfə o tarixi, anlamlı günü gözəllik və qüdrət içində təkrar etdi. Və bəyan etdi:

“Əlbəttə ki, bundan sonra biz Şuşanı göz bəbəyi kimi qorumalıyıq. Bizim hərbçilərimiz, bizim qəhrəman övladlarımız Şuşanı qoruyacaqlar ki, düşmən heç bu tərəfə baxmağa özündə cəsarət tapmasın. Mən demişəm ki, əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər. Heç kim bizim qabağımızda dura bilməz. Bundan sonra həmişə belə olacaq. Azərbaycan Ordusu, xüsusi təyinatlılar, bizim qəhrəman övladlarımız, hərbi birləşmələrin döyüşçüləri Şuşanı və azad edilmiş bütün torpaqları göz bəbəyi kimi qorumalıdırlar ki, düşmən bir daha belə cəhd etməsin. Cəhd edərsə, axırı lap pis olacaq”.

Bəli, Şuşa artıq azaddır, əbədi azaddır! Yaxın vaxtlarda Şuşanın planlı şəkildə bərpasına başlanacaq.

Bu təmir-bərpa işlərinin ilkin addımları kimi “Güllələnmiş büstlər”in Bakıdan Şuşaya aparılması, öz yerlərinə qoyulması özü Qələbə simvoludur. Bugün Xurşudbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün ruhu şaddır!

Prezidentin Natəvan bulağı, Bülbülün Ev muzeyi ilə tanış olması inci şəhərimizin ölkə və dünya miqyasında necə bir missiyaya, “mandat”a sahib olduğunun və şəhərə Mədəniyyət Paytaxtı statusu verilməsinin nə qədər məntiqli əsaslara malik olmasının daha bir ifadəçisi idi.

DÖVLƏTİMİZ VAR OLSUN!

Qənirə Paşayeva,
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri

Digər Xəbərlər
Xəbər Lenti