AFFA 12 komanda üçün...

23 Noyabr 2020 21:00 Azərbaycan Futbolu 955
AFFA 12 komanda üçün...

Sabah Azərbaycan kubokunda 2020/21 mövsümünün püşkatma mərasimi keçiriləcək.

Sportinfo.az xəbər verir ki, tədbir AFFA-nın inzibati binasında təşkil olunacaq.

Sayca 29-cu mövsümün püşkatması saat 13:00-da başlayacaq. Mərasim Azərbaycan ərazisində koronavirus pandemiyası səbəbindən karantin rejimi tətbiq olunduğuna görə klub və KİV nümayəndələri üçün qapalı olacaq.

Püşkatmada 1/8 finalın dörd cütü, həmçinin 1/4 finalda bu cütlərin qalibi ilə qarşılaşacaq komandalar bəlli olacaq. Eyni zamanda yarımfinalda hansı cütlərin qaliblərinin üz-üzə gələcəyi də dəqiqləşəcək.

Kubokda Premyer Liqanın bütün komandaları iştirak edəcək. Ötən mövsüm çempionatı ilk 4 pillədə qərarlaşan “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt” 1/8 final mərhələsindən azad olacaq.

Digər 4 komanda – “Zirə”, “Sabah”, “Səbail” və “Qəbələ” 1/8 finalda I divizion təmsilçilərini sınağa çəkəcək. Aşağı liqada mübarizə aparan 5 klubdan dördü kubok uğrunda mübarizəyə qatılacaq. Bunlar “Turan Tovuz”, “Zaqatala”, “Kəpəz” və “Qaradağ Lökbatan”dır. MOİK isə bu yarışa qatılmağa lüzum görməyib.

Kubokda mübarizə püşkdən bir ay sonra – dekabrın 24-də başlayacaq. Həmin gün 1/8 final oyunları ilə 1/4 finalçıların tam siyahısı bəlli olacaq. Gələn il fevralın 1-2-də və 6-7-də 1/4 final baş tutacaq. Yarımfinal isə aprelin 21-də və 29-da təşkil olunacaq. Kubokun qalibi mayın 28-də müəyyənləşəcək.

1992-ci ildən keçirilən Azərbaycan kubokunun əvvəlki 28 mövsümündən 26-sı başa çatıb. “Neftçi” və “Qarabağ” hərəyə 6, “Kəpəz” 4, “Xəzər Lənkəran”la “Bakı” hərəyə 2, “İnşaatçı” (Bakı), “Şəfa”, “Keşlə” və “Qəbələ” hərəyə 1 dəfə kubokun qalibi olub.

Ötən turnir yarımçıq qaldığından 2018/19 mövsümündə mükafatı qazanan “qırmızı-qaralar” titulun son sahibi sayılır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"