TAPINTI - Bu ölkədə bir azərbaycanlı legioner var - FOTOLAR

19 Fevral 2020 20:00 Azərbaycan Futbolu 3 221
TAPINTI - Bu ölkədə bir azərbaycanlı legioner var - FOTOLAR

«Mən burada çıxış edən yeganə azərbaycanlı legionerəm».

Bu sözləri Sportinfo.az-a açıqlamasında Estoniyada legioner həyatı yaşayan Əsgər Mehdiyev deyib.

17 yaşı dekabrın 12-də tamam olacaq azərbaycanlı futbolçu yaxınlarda «Narva Trans»la müqavilə bağlayıb. Onun «Meistriliiqa» adlanan güclülər dəstəsinin təmsilçisi ilə anlaşması 2 illikdir,

Əsgər Baltika ölkəsinə necə yollanması barədə bunları söyləyib: «2003-cü ildə Bakıda dünyaya gəlmişəm. Futbola ilk dəfə 9 yaşımda başlamışam.

İlk məşqçim «Tofiq Bəhramov»da Muxtar müəllim olub. 4 il orada məşq edəndən sonra Bakıdakı «Beşiktaş» futbol məktəbinə getmişəm. Kadir Öz və Fuad müəllimlə çalışmışam.

Ardından Türkiyəyə - «Selimiyespor»a getmişəm. 6 ay oynayandan orada məni «Narva Trans»ın indiki bas məşqçisi Cenk Özcan gördü və bura dəvət elədi.

Cenk Özcan Türkiyə yığmalarında, «Qalatasaray», «Gənclərbirliyi», «Konyaspor» və İngiltərədə çalışıb. Fatih Terim, Abdullah Avcı, Yılmaz Vural kimi məşqçilərlə işləyib. Artıg 2 aydır Estoniyadayam.

Şükür, hər şey yaxşıdır. Narvda heç kimim yoxdur. Ailəmiz Bakıdadır. Komanda rəhbərliyi şəhərdə mənə kirayə ev tutub, orada qalıram.

«Narva Trans» Estoniyada iddiali komanda sayılır. Hər il avrokuboklarda çıxış edir. Müqaviləm 2 illikdir. Burada 10 komandalı, dörd dövrəli çempionat keçirilir.

Mən əsas komandayla məşqlərə çıxıram. Amma hələlik əvəzedici heyətdə oynayacam. 59 nömrəli futbolkanı mənə veriblər.

Maaşım nə qədərdir? Qoy, açıqlamayım. amma mənə bəs edir. Hər şey əladır, hər şey ürəyimcədir.

Martın 1-də Superkubok oyunumuz var. «Narva «Trans» keçən il kuboku qazanıb, indi çempionatın çempionuyla oynayacağıq. Narva Estoniyanın ən böyük 3-cü şəhəridir.

Estoniyada başqa azərbaycanlı futbolçu yoxdur. Soruşmuşam, deyiblər, tanımırıq. Özümün də qabağına çıxmayıb.

"Narva"nın özündə məndən başqa 3 legioner var - Fil Dişi Sahilindən, Qanadan və Rusiyadan».

Əsgərin sözlərinə görə, o, 4 mövqedə çıxış edə bilir. Orta sahənin hər iki cinahıyla yanaşı, hücumameylli yarımmüdafiəçi və ön xəttin sivri ucunda özünü rahat hiss eləyir.

Dediyinə görə, hələlik Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarından dəvət almasa da, o günü səbirsizliklə gözləyir:

«Çox istəyərdim ki, mənə millidən dəvət gəlsin. Hər bir futbolçu kimi, mənim də ürəyimdən keçir ki, ölkənin o şanlı formasını geyinim».

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!