Azərbaycanda futbolu başla, yoxsa ayaqla oynayaq?

24 Yanvar 13:12 Azərbaycan Futbolu 362
Azərbaycanda futbolu başla, yoxsa ayaqla oynayaq?

Şotlandiya Futbol Assosiasiyası 12 yaşa qədər uşaqlara başla oynamanı qadağan edə bilər.

Sportinfo.az xəbər verir ki, bu tətbiqetmənin səbəbi başla zərbənin uşaqlarda əqli zəiflik yaratmasıdır.

Bu cür qadağa 2016-cı ildən ABŞ-da da tətbiq edilir. 13 yaşa qədər uşaq başla məhdud sayda oynaya bilər. Qlazqo Universitetinin araşdırması nəticəsində bəlli olub ki, peşəkar futbolla məşğul olanlar arasında ən çox ölüm səbəbi başda degenerativ xəstəlikdir.

Bu testdə 1900-1976-cı illər arasında peşəkar futbolla məşğul olan təxminən 7 min kişinin məlumatları yoxlanılıb. Assosiasiyanın prezidenti Rod Petri və vitse-prezidenti Mayk Malreyni uşaq futbol məktəblərinə tövsiyə xarakterli müraciət edib.

Bəs Azərbaycan uşaq futbol məktəblərində bu tətbiq nə dərəcədə realdır? AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdullanın məsələyə münasibəti lakonik oldu (sputnik):

"Hələ ki, bu məsələ müzakirə mövzusu deyil. Üstəlik, AFFA-nın nəzdində hər hansı uşaq futbol məktəbi fəaliyyət göstərmir".

Ölkədə fəaliyyət göstərən bir neçə klub məktəblərinin fikrini öyrənmək üçün onlara müraciət etdik. "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirdi ki, hər ölkə bu cür tətbiqetməyə fərqli yanaşır:

"Uzun illərdir bu mövzuda müxtəlif mülahizələr var. Deyilənə görə, top başa dəydikdə beyində çox sayda hüceyrə məhv olur. Bizdə hələ ki, belə bir qərar yoxdur.

Elə ölkələr var ki, aşağı yaş qrupunda olanları fitnesə salmırlar, ağır məşq prosesi getmir. Yəni fərqli tətbiqetmələr mövcuddur. Hazırda inanmıram ki, Azərbaycan üçün bu məsələ aktual olsun".

"Sumqayıt" FK-nın uşaq futbol akademiyasının rəhbəri Hakan Sünal açıqlamasında bildirdi ki, bu, doğru bir addımdır: "Bu məsələdə müxtəlif nüanslara diqqət etmək lazımdır. O yaşda başla nə qədər oynayırlar?

Başla oyun var, amma çox az sayda. Plastik topun başa o qədər də ziyanı yoxdur. Yüngül toplarla məşq etmək mümkündür. Bunu qadağan etmək deyil, düzgün metodlardan istifadə etmək lazımdır".

"Neftçi" Futbol Akademiyasının direktoru, ingiltərəli mütəxəssis Mik Benet təmasın olduğu istənilən idman növündə risk elementləri olduğunu söylədi:

"Başla oynamaq futbolun əsas hissəsidir. Belə ki, əgər tibb ekspertləri sübut etsələr ki, başla oynamaq zərərlidir və beyin zədələnməsinə səbəb olur, təbii ki, bu halda qadağa və ya qaydalara dəyişikliklər etmək nəzərə alınmalıdır".

"Qəbələ" Futbol Akademiyasının həkimi Şabəddin Məmmədov isə bu məsələ ilə razılaşmadığını söylədi: "Zədə almaq üçün gərək kəllə-beyin sınsın.

Şotlandiyanın özünəməxsus qidalanması var. Uşaqların qidalanması, hansı şəraitdə böyüməsi şərtdir. Hər yaş qrupu özünə uyğun topla oynayır.

Yüksək liqanın topu ilə oynanılmır ki, dəyəndə zədə alsın. Mən 1983-cü ildən həkim kimi fəaliyyət göstərirəm. 1991-ci ildən də müxtəlif klublarda həkim kimi çalışmışam.

Professional futbolla məşğul olan şəxslərin başdan aldığı zədə ilə öldüyünü eşitməmişəm. Akademiyanın öz nizam-intizam qaydaları var. Uşaqların qidalanmasından gündəlik məşqlərinə qədər hər şey nəzarətdədir. Aşağı yaş qruplarında əsasən düzgün qidalanmaya fikir verilməlidir".

Digər Xəbərlər
Xəbər Lenti
27 Fevral 14:50 Yenə o, yenə o… FOTO
27 Fevral 13:12 Doğmalaşan özgələr
27 Fevral 12:02 "Zirə"də son durum - FOTO