«Kəpəz»i pula görə «Şamaxı»ya dəyişən Azər Bağırov köməkçisi ilə problem yaşayıb.
Gəncə təmsilçisində iki dönəm onunla bərabər çalışmış Rakif Əliyev məhz bu səbəbdən onunla «şirlər»in düşərgəsinə yollanmaqdan imtina edib.
Həm fiziki hazırlıq, həm analitik məşqçi kimi fəaliyyət göstərən Əliyev Bağırovdan maaşını artırmasını xahiş eləyib. Baş məşqçi yardımçısına bu vədi versə də, yekunda sözünün arxasından qaçıb.
O, yalnız özünün və qardaşının əməkhaqqısını artırıb, köməkçisinin istəyini yerinə yetirməyib. Bu səbəbdən tərəflər arasında mübahisə düşüb və Əliyev onunla birlikdə «Şamaxı»da işləməkdən boyun qaçırıb, «Kəpəz»də qalıb.
Azər Bağırov yaxınlarda «Şamaxı»yla müqavilə bağlayıb. Anlaşmanın müddəti 3 ildir.
Əyalət təmsilçisini Premyer Liqada saxlamaq öhdəliyi götürən çalışdırıcı yeni iş yerində 13000 manat məvacib alacaq. Bu da «Kəpəz»də qazandığı aylıq məbləğdən 3000 manat çoxdur.
«Şamaxı» Bağırovun Premyer Liqada üçüncü «dayanacağ»ıdır.
«Kəpəz»dən öncə «Araz-Naxçıvan»da işləmiş mütəxəssis «şirlər»ə 4 nəfərlə birgə xidmət göstərəcək. Araz Bağırov, Rəşad Hüseynov, Sabir Hacıəliyev və Davud Kəriminə korpusunda yer verib.
SPORTİNFO.AZ

