"Bu klubların yoxluğu Azərbaycan futbolu üçün üzücüdür" - türkiyəli məşqçi

7 Dekabr 2019 20:00 Azərbaycan Futbolu 1 758
"Bu klubların yoxluğu Azərbaycan futbolu üçün üzücüdür"  - türkiyəli məşqçi

"Bakı" və "Xəzər Lənkəran" klublarını çalışdırmış, hazırda Türkiyədə "Turqutluspor" klubunda baş məşqçi kimi fəaliyyət göstərən Cüneyt Biçər Sportinfo.az-a müsahibə verib:

- Azərbaycanda iki klubda baş məşqçilik etmisiz. 3-cü dəfə Azərbaycana gəlişiniz mümkündür?
- Hazırda Türkiyə üçüncü liqasında çıxış edən “Turqutluspor”da baş məşqçiyəm. Azərbaycandan heç bir təklif almamışam. Amma təklif gələrsə, dəyərləndirmək olar. Çünki əvvəllər də orada çalışmışam. Bildiyim, sevdiyim yerdir. Təklif gələrsə, dəyərləndirmək olar.

- Azərbaycan çempionatını izləyirsiz? "Qarabağ" ardıcıl 6 ildir çempion olur. Sizcə, niyə heç bir komanda onlarla rəqabət apara bilmir?
- Bəli, Azərbaycan futbolunu izləyirəm. "Qarabağ" biz orada çalışanda da ən yaxşı təşkilatlanmış komanda idi. Artıq "Qarabağ" Azərbaycanın ən önəmli klubudur. Ardıcıl altı ildir çempion olmalarının səbəblərindən biri də rəqabətsizlikdir. “İnter” (indiki "Keşlə" - M.C.), “Neftçi” və “Qəbələ”nin əvvəlki gücü yoxdur. “Bakı” ilə "Xəzər Lənkəran" isə ümumiyyətlə, yoxdur. “Qarabağ” da düzgün işlər görərək rəqibsiz irəliləyir.

- Baş məşqçisi olduğunuz “Bakı” və “Xəzər Lənkəran” hazırda fəaliyyət göstərmir. Siz bu komandalarda işləyərkən belə bir sonluğu təxmin edərdiz?
- “Bakı” və “Xəzər Lənkəran” kimi klubların olmaması həm bizim, həm də Azərbaycan futbolu adına üzücüdür. Bu işə könül verən dəyərli iki klub prezidentinin əlini çəkməsindən sonra klubların yox olması təəssüf doğurur. Ancaq inanıram ki, gün gələcək və hər iki klub yenidən Azərbaycan futbolu üçün çalışacaq. Biz də onları izləyərik.

- Türkiyənin əsas millisi Avropa çempionatında İtaliya, Uels və İsveçrə ilə eyni qrupda mübarizə aparır. Sizcə, Türkiyənin qrupdan çıxmaq şansı nə dərəcədədir?
- İtaliya yaxşı komandadır, seçmə mərhələdə də yaxşı oynadılar. İsveçrə və Uels keçə biləcəyimiz komandalardır. Gənclərdən qurulmuş yeni, yaxşı komandamız var. Məşqçilər korpusu da yaxşıdır. Şenol Günəş komandaya baş məşqçi gələndən sonra millidə ciddi dəyişilik oldu. Enerji və bacarığı yüksək olan komandaya sahibik. Ümidvaram ki, bizim üçün yaxşı olar və uğurlu çıxış edərik.

- Türkiyə Uels və İsveçrə ilə görüşlərini Bakıda keçirəcək. Bunu Türkiyə yığması üçün böyük üstünlük hesab etmək olar?
- Əlbəttə ki, Türkiyə üçün Bakıda oynamaq böyük üstünlükdür. İki dövlət, tək millətik. Azərbaycan və Türkiyə vətəndaşları birlikdə oyuna baxıb Türkiyəni dəstəkləyəcək. Türkiyə millisi evdə oynayacaq. Bu da rəqiblərimiz üçün çətin olacaq.

- Şenol Günəş stadionlarla tanış olmaq üçün Bakıya gəldi və burada "həm Türkiyə, həm də Azərbaycanı təmsil edəcəyik" açıqlaması verdi...
- Tam doğru olaraq Şenol hoca hər iki millət üçün oynayacağımızı deyib. Bakıda birləşmiş olacağıq. Meydanda türkiyəli oyunçularla tribunadakı azərbaycanlı qardaşlarımız uğurlu nəticə üçün birləşəcək. Oyunçular da millət üçün hər şeyi edəcək. Çox emosional, gözəl atmosferdə oyunlar olacaq.

- Yəni, deyirsiz, Bakıda qrupdan çıxmaq mümkün olacaq?
- Bakıdakı dəstəyin sonunda uğurlu nəticənin gələcəyinə inanıram. Oradakı dəstək önəmlidir. Bunu edə biləcək potensial var millətimizdə.

Mirbağır CƏFƏRLİ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!