Qurbanov mühüm mesaj verdi: "Futbolda çatışmazlıqlar çoxdur, təkliflərə ehtiyac var"

23 May 2022 20:20 Azərbaycan Futbolu 915
Qurbanov mühüm mesaj verdi: "Futbolda çatışmazlıqlar çoxdur, təkliflərə ehtiyac var"

"Azərbaycan futbolunda çatışmazlıqlar çoxdur, təkliflərə və bunları dəyərləndirməyə ehtiyac var".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) Gənclər və İdman Nazirliyinin “Məşqçilərimizi tanıyaq” layihəsində idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

50 yaşlı mütəxəssis bəzi görüşlərdə müxtəlif təşəbbüslərinin olduğunu söyləyib: "Mənim düşüncələrimə görə daha çox inkişaf etməli və böyük uğurlar qazanmalıyıq. Biz klub olaraq daha da inkişaf etməliyik".

Qurbanov futbolda kütləviliyə də ehtiyac olduğunu sözlərinə əlavə edib:

"Bir yerə toplaşıb çatışmazlıqları müzakirə etməliyik. Bir dəfə mənə müraciət etmişdilər ki, yaxşı futbolçu olmaq üçün nə etmək lazımdır.

Mən də yarızarafat, yarıciddi söylədim ki, Musa kimi qardaşı olmalıdır. İnsanı gücünə və bacarığına inandıran biri mütləq olmalıdır.

Mənim üçün ən vacib olan budur. Potensialı düzgün yönləndirmək önəmlidir. Gənclikdə bəzi səhvlərim olub.

Bəlkə də onları etməsəydim, daha yaxşı olardı. Futbolçu olmaq üçün ilk növbədə insanda potensial vacibdir.

Oyunçunun istəyi və xarakteri də önəmlidir. Həmişə futbolçulara deyirəm ki, məşq etməkdən qorxmaq lazım deyil və bu idman növünə çox vaxt ayırmaq lazımdır.

İdmançının öz peşəsinə sevgisi də mütləqdir. Gənc vaxtlarında daha çox məşq edirdim ki, kimlərdənsə geri qalmayım. Bu qarşıma qoyduğum məqsəd və futbola olan sevgi idi".

Xəbər Lenti