İcraiyyə Komitəsi yığışdı, yüksək vəzifəyə yeni təyinat rəsmiləşdi

İcraiyyə Komitəsi yığışdı, yüksək vəzifəyə yeni təyinat rəsmiləşdi

SOCAR-ın inzibati binasında AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. İclasda əvvəlcə AFFA prezidenti Rövşən Nəcəf gündəlikdə duran məsələlər barədə məlumat verib.

Daha sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev FIFA-nın qərarına əsasən Azərbaycana həvalə edilən 15 yaşadək oğlan futbolçulardan ibarət komandalar arasında bu il keçiriləcək ilk dünya çempionatı və festivalı barədə ümumi məlumat verib.

İclasda ölkə futbolunda 2025/2026-cı illər mövsümünün yekunları da müzakirə olunub. İcraiyyə Komitəsinin üzvləri mövsüm ərzində təşkilatçılıq, yarışların keyfiyyəti və ümumi inkişaf istiqamətləri ilə bağlı fikirlərini bölüşüblər.

Toplantı çərçivəsində AFFA-nın yeni texniki direktoru Edmond Klaus təqdim olunub. Onun gənclərin inkişafı, akademiya quruculuğu və idarəetməsi, təhsil və metodologiya, həmçinin skautinq sahəsində geniş təcrübəyə malik olduğu bildirilib. Xüsusilə Niderlandın “Ayaks” akademiyasındakı fəaliyyəti, eləcə də Niderland və Çində müxtəlif yaş qrupları üzrə milli komandalardakı təcrübəsinin Azərbaycandakı işinə töhfə verəcəyi vurğulanıb.

AFFA baş katibinin müavini Elçin Məmmədov yeni yaradılmış Futbol İnkişaf Departamentinin fəaliyyəti və 5 ulduz modeli üzrə akademiyaların sertifikatlaşdırma qaydaları barədə məlumat verib. Növbəti mövsümdən tətbiq olunacaq qaydalar ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Cahangir Fərəcullayev Misli Premyer Liqası klublarına qrant müqaviləsi əsasında uşaq və yeniyetmə futbolunun inkişafı üçün ayrılan maliyyə yardımından istifadə qaydaları və nəzarət mexanizmi ilə bağlı yeni yanaşmanı təqdim edib. Səsverməyə çıxarılan məsələ İcraiyyə Komitəsi tərəfindən qəbul olunub.

İclasda həmçinin Elit Məşq layihəsi üçün təklif olunan yeni format müzakirə edilib. İcraiyyə Komitəsi üzvlərinin qeydləri əsasında layihənin təkmilləşdirilməsi ilə bağlı tapşırıq verilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti