"Zirə" 1992-ci ilin Danimarkasını xatırladır - Tarix yazmaq mümkün olacaq?

21:00 Zirə 194
"Zirə" 1992-ci ilin Danimarkasını xatırladır - Tarix yazmaq mümkün olacaq?

1992-ci il Avropa çempionatı futbol tarixinin ən yaddaqalan turnirlərindən biri hesab olunur.
Danimarka əslində final mərhələsinə vəsiqə qazana bilməmişdi.

Seçmə mərhələdə qrupu Yuqoslaviyadan sonra ikinci yerdə bitirmişdi.

Lakin Yuqoslaviya ölkədəki müharibə və BMT sanksiyaları səbəbindən turnirdən kənarlaşdırıldı və onun yerinə Danimarka dəvət olundu.

O Danimarka ki, futbolçuları tətildə idi.

Kurort şəhərlərində istirahət edən oyunçular qısa müddətdə toparlanıb, yollandığı Avropa çempionatında böyük sensasiya yaratdı.

Qrup mərhələsini uğurla arxada qoydu.

Yarımfinalda Niderlandı penaltilərlə məğlub etdi.

Finalda isə Almaniyanı 2:0 hesabı ilə məğlub edərək tarixində ilk və hələlik yeganə Avropa çempionluğunu qazandı.

"Zirə"nin bu mövsüm avrokuboklara yollanması həmin Danimarkanı xatırladır.

Klub ötən mövsümü 5-ci sırada başa vurduğu üçün avrokuboklardan kənarda qalmalı olmuşdu.

Belədə 2025/26 sezonu başa çatan kimi bütün kollektiv istirahətə yollandı.

Amma bir anda "Turan Tovuz"a gələn məlum qadağa üzündən "qartallar" Konfrans Liqasına yollanmalı oldu.

Futbolçular istirahətini yarımçıq qoyub Bakıya qayıtdılar.

Normal hazırlıq keçmək, heyəti formalaşdırmaq mümkün olmadı. Digər tərəfdən bu cür gedişata psixoloji baxımdan da hazır olmaq asan deyildi.

Əksəriyyət düşünürdü ki, "Zirə" bu şərtlər altında elə ilk mərhələdə mübarizəni dayandıracaq.

Amma tam fərqli şeylər görürük.

Rəşad Sadıqovun yetirmələri birinci təsnifat mərhələsində "Torpedo"nun daşını daş üstə qoymadı.

Hər iki oyunda Gürcüstan super kubokunun qalibi darmadağın edildi (3:0, 0:3).

"Zirə"nin taleyi 1992-ci ilin Danimarkasını xatırladır.

Ümid edək ki, start kimi sonluq da bənzər olar.

Hə, Konfrans Liqasının qalibi olmaq reallıqdan çox uzaqdır. Amma liqa mərhələsində iştirak hüququ əldə etmək də "Zirə" adına kuboku qazanmaq qədər dəyərli sayılacaq.

XANOĞLAN/ SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti