"Neftçi"nin hələ mübarizəyə qoşulmadığı avrokuboklarda digər üç təmsilçimiz növbəti qələbələrini qazandı.
Təbii ki, bu uğurlar hamımızı sevindirir. Ancaq narahatlıq doğuran məqam da var.
Klublarımız sürətlə legionerlərdən asılı vəziyyətə düşməkdədir.
Bu mənada "Zirə" qismən fərqləndi. Rəşad Sadıqov start heyətində üç yerli futbolçuya şans verdi, İsmayıl İbrahimlini sonradan meydana buraxmaqla bu rəqəmi dördə çatdırdı.
Ən acınacaqlı mənzərə isə "Sabah" və "Qarabağ"da idi. Hər iki komanda oyuna cəmi bir yerli futbolçu ilə başladı.
"Qarabağ"da sonradan Elvin Cəfərquliyev meydana daxil oldu, "Sabah"ın bütün əvəzetmələri isə legionerlərlə edildi.
Əgər belə oyunlarda da klubun yetirmələri 5-10 dəqiqə şans qazanmayacaqsa, bəs nə vaxt oynayacaqlar?
Axı hər üç komandamız ilk matçda cütün taleyini böyük ölçüdə həll etmişdi. Səfər oyununda start heyətində risk etməmək qərarını başa düşmək olar.
Amma hər üç klubumuz fasiləyə 2:0 hesablı üstünlüklə yollanmışdı. Həmin anda "Zirə" və "Qarabağ" ümumi hesabda 6:0, "Sabah" isə 4:1 öndə idi.
Belə komfortlu vəziyyətdə belə gənclərə heç olmasa 5-10 dəqiqə verməmək anlaşılan deyil.
Halbuki ehtiyat oyunçular skamyasında "Zirə"də Səlim Həşimov və Yusif Hacıyev, "Qarabağ"da Əli Bəşirov və Hikmət Cəbrayılzadə, "Sabah"da isə Rəvan Mirzəmmədovla Cəfər Muxtarov kimi akademiya yetirmələri əyləşmişdi.
Heç bir futbolçu kənardan baxmaqla inkişaf etməyib. İnkişafın yolu meydandan keçir.
Məhz belə matçlarda gənclər tədricən 5-10 dəqiqəlik şanslar qazanmalıdır.
Əgər onlar buna da hazır deyillərsə, o zaman daha ciddi sual yaranır - illərdir akademiyalarda nə iş görülür?
Olmaya akademiyalar futbolçu yox, sadəcə UEFA-nın yerli oyunçu tələblərini kağız üzərində yerinə yetirmək üçün ehtiyat skamyasında oturacaq adlar hazırlayır?
XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ

