Gözlənilən oldu,
«Qarabağ» Avropa Liqasında birinci mərhələni birnəfəsə keçdi.
İslandiya səfəri yalnız yolun uzunluğuna görə çətin alındı - 7 saat o yana, 7 saat bu yana.
«Hava gəmisi» ilə uzun səyahətin tamamı 6:0 bitdi. «Qarabağ» burada olduğu kimi, buzlaqlar ölkəsində də 3:0 qazandı.
Dünənki oyunda daha çox qol ola bilərdi.
«Qarabağ» qısa ötürmələr üzərində qurulmuş «dır-dır»ı ilə yerli komandanın başını gicəlləndirmədi, sadəcə, çoxsaylı fürsətlər yaxaladı və onları göz önünə gətirsək, minimal həddə fərqləndi.
Məncə, «Qarabağ»ın yeniləri barədə qəti rəy verməyə tələsirik. Bir qədər gözləməliyik.
«Vestri» II Liqa klubudur, zəifdir və onlarla qarşılaşmalar əsasən qiymətləndirmə aparmağın qəti əleyhinəyəm.
Sefasdır, Sadodur, Varkonyidir, digərləridir – bunların faydalı iş əmsalından danışmaq üçün öncə ÇSKA ilə oyunların gedişinə və nəticəsinə baxmalıyıq. Sofiya klubu hər halda «Vestri» deyil, onlardan bir neçə baş üstündür.
«Qarabağ» hələ komplektləşməyib. Yenilərin uyğunlaşma prosesi gedir və bu, nə qədər çəkəcək - bilinmir.
Xətlərarası əlaqənin zəifliyi hətta İslandiyadakı matçın ikinci hissəsində açıq-aşkar göz deşdi.
Bizim ötən mövsüm Çempionlar Liqasının təsnifat və liqa mərhələsində izlədiyimiz «Qarabağ» varıydı ha, ora gəlib çatmağa hələ çox qalıb. Açığı, mən bu düşüncədəyəm.
Gözüyumlu bir-birini başa düşən futbolçu heyətini yerini adi epizodlarda mövqe səhvlərinə yol verən birilərinə verib.
Boşluqlar heç bir zonadan yan keçməyib, Zubir, Yankoviç kimi köhnədən qalanlar da ümumi mənzərəyə rəng qatmır.
Ola bilsin ki, «Qarabağ» bir müddət sonra elə sürət yığdı, mən təəccübləndim, heyrətləndim. Amma hələlik, bu gün üçün o ümidi məndə yaratmır.
Avroliqanın qrup mərhələsinə vəsiqədən əminliklə danışmaq üçün həmin optimizmi vermir bəndənizə.
MUSA

