"Fırtınalar meydanı" "Xan Lənkəran"la cuşa gəldi - 5 il sonra

21 Sentyabr 2021 17:40 Azərbaycan Futbolu 1 795
"Fırtınalar meydanı" "Xan Lənkəran"la cuşa gəldi - 5 il sonra

"Xəzər Lənkəran" deyəndə ilk yada düşən onun azarkeşləridir. Azərbaycan futbolunda öz imzası olan Lənkəran fanatları çətin ki, nə vaxtsa yaddan çıxsın. Komandasını dəstəkləmək üçün MOİK-lə yoxlama oyununa gələn 5 min azarkeşi unutmaqmı olar?

Zaman dəyişdi, "Xəzər Lənkəran" tarixin yaddaşına, "fırtınalar meydanı" adlanan stadionun isə sükuta qərq oldu.

Komandanın ev oyunlarını keçirdiyi Lənkəran Şəhər Mərkəzi stadionu sonuncu dəfə azarkeş izdihamını 5 il əvvəl - 2016-cı ilin 10 aprelində yaşamışdı. Ömrünün son günlərini yaşayan "Xəzər Lənkaran" məhz həmin tarixdə əzəli rəqib "Neftçi"ni sonuncu dəfə evdə qəbul edirdi. Meydan sahiblərinin 1-0 məğlub olduğu görüşdə öyrəşdiyimiz azarkeş izdihamı yaşanmasa da 2-3 min civarında azarkeş yenə sevimli komandasına dəstəyə gəlmişdi.

Sonrakı "Qəbələ", "Kəpəz" və nəhayət klubun hələki son ev oyunu sayılan "Sumqayıt"la oyunlara daha az azarkeş gəldi. Məsələn, "Sumqayıt"la görüşdə əzəmətli Lənkəran stadionunda cəmi 200 azarkeş oyunu izləmişdi.

5 il aradan sonra "Fırtınalar meydanı" yenidən cuşa gəldi. İki gün əvvəl yeni yaradılan və Region Liqasında çıxış edəcək "Xan Lənkəran" komandasının yoldaşlıq görüşünə 3000-dən artıq tərəfdar tribunlarda cəm oldu.

Görəsən, bu hadisə Lənkərandakı 5 illik susqunluğun sonu, əzəmətli "Xəzər Lənkaran"ın dönüşü üçün başlanğıc ola bilərmi? Zaman özü bu suala cavab verəcək. Bizə qalan isə ümid etməkdir.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti