“Azərbaycan çempionatı ikili mübarizələrə və sıx müdafiə bloklarına əsaslandığı üçün məhdud büdcəli klubların atletik oyunçu axtarması ilk baxışdan tamamilə məntiqli görünə bilər”.
FIFA lisenziyalı futbol agenti Emil Əsədov Sportinfo.az-a açıqlamasında belə deyib.
“Asadov Pro Bridge”nin rəhbəriaşağı büdcəli klubların seleksiya işindən danışıb, onların bu zaman oyun üslubunu ikinci plana atmasına diqqət çəkib:
“Bu məcburiyyət ciddi bir təzad yaradır. Aşağı büdcəli komandalarda baş məşqçinin oynadacağı oyun üslubu və taktiki fəlsəfə çox vaxt ikinci sıraya atılır.
Oyunçu sistemə görə deyil, sırf maliyyəsinin uyğunluğuna, fiziki dözümlülüyünə və çempionat təcrübəsinə görə seçildikdə, həmin klubların daxilində uzunmüddətli oyun strukturu qurmaq və sabit oyun fəlsəfəsi formalaşdırmaq son dərəcə çətinləşir.
Bazarın hazırkı fokusunun (atletik və Avropa təcrübəli oyunçular) kənarında qalan, lakin daxili çempionat üçün ciddi perspektiv vəd edən alternativ coğrafiyalar mövcuddur.
Hazırda yerli klubların ilkin seçimləri şərqi avropalı oyunçulardan yana olmur.
Çünki daxili bazardakı qərarvericilər Şərqi Avropa futbolundakı texniki və taktiki intizamı yerli liqanın tələb etdiyini düşündükləri "aqressiv fiziki güc" reallığı ilə tam uzlaşdıra bilmirlər.
Əslində isə Şərqi Avropa bazarı həm yüksək taktiki savadlılıq, həm də adaptasiya sürəti baxımından Azərbaycanda çox uğurlu işlər görməyə qadir olan bacarıqlı oyunçularla zəngindir.
Bu oyunçular oyun üslubunu birinci plana çəkən və komanda daxilində taktiki nizam yaratmaq istəyən layihələr üçün həm ideal, həm də iqtisadi cəhətdən əlverişli resursdur.
Peşəkar skautinq yönləndirməsi ilə bu bazara daxil olmaq yaxın gələcəkdə liqanın keyfiyyətini ciddi şəkildə artıra bilər”.

