Avropa çempionatında ən çətin görüşüm finalda oldu.
Sportinfo.az xəbər verir ki, bunu İspaniyada keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatında qızıl medal qazanan Zəhra Quliyeva (40 kq) deyib
O, qeyd edib ki, qitə çempionu olmaq asan başa gəlməyib:
"Əzmlə mübarizə aparıb, Avropa çempionu oldum.
Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Ən çətin görüşüm finalda oldu. Çünki məsuliyyətim böyük idi. Çalışıb qalib gəldim.
Yarımfinaldakı rəqibimlə daha əvvəlki yarışda qarşılaşıb, məğlub olmuşdum. Lakin həmin görüşdən nəticə çıxarmışdım. Buna görə də Avropa çempionatında ona qalib gəldim".
"Avropa çempionatına məşqçilərimin güclü dəstəyi ilə hazırlaşmışdım. Onlar məni yüksək səviyyədə hazırlaşdırmışdılar. Buna görə də qitə çempionatına qızıl medala sahib oldum.
Bundan sonrakı hədəflərim böyüklər arasında Avropa, dünya və Olimpiya çempionatlarında qalib olmaqdır", - Z.Quliyeva əlavə edib.
Azərbaycan milli komandası Avropa çempionatında 10 medal qazanaraq tarixi nəticəyə imza atıb.
Zəhra Quliyeva (40 kq) və Nihad Ağayev (50 kq) qızıl, Fərid Rzazadə (50 kq), Sadiq Məmmədov (73 kq), Ömər Axundov (90 kq) gümüş, İbrahim Talıbov (55 kq), Könül Eyvazlı (48 kq), İlkin Qarayev (66 kq), Ayxan Həsənli və Yaqub Məmmədov isə bürünc medal qazanıblar.

