“Qarabağ” yay fasiləsində daha bir aparıcı futbolçusunu itirə bilər.
Bu iddia ilə Britaniya mətbuatı çıxış edib.
Onların yaydığı xəbərə görə, Kamilo Duranın Şotlandiyaya köçmək variantı yenidən gündəmə gəlib.
Şotlandiya Premyer Liqasının nəhəngi “Seltik” kolumbiyalı forvardla ciddi maraqlanır.
Son illər hücumçu transferlərində istədiyi nəticəni ala bilməyən şotlandlar bu dəfə Duranın komandanın hücum potensialını artıracağına inanır.
Bir müddət əvvəl Kamilonu hədəfə alan şotlandlar daha sonra geri çəkilsə də, indi yenidən fəallaşıb. Ağdam təmsilçisinin ona görə 2 milyon funt sterlinq tələb etdiyi qeyd olunur.
Bizim “Qarabağ“dan əldə etdiyimiz məlumata görə, “Seltik“ rəsmi təklif göndərməyib.
Cənubi amerikalıya onların marağı olub, amma şifahi şəkildə. Ön xətt oyunçusunun satışının planlaşdırılmadığını biləndən sonra danışıqlar ilkin mərhələdə dayanıb, rəsmi müstəviyə keçməyib.
Kamilo Duran “Qarabağ”a ötən yay Portuqaliyanın “Portimonense” klubundan keçib. 24 yaşlı hücumçunun ağdamlılarla müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.
O, Çempionlar Liqasının son mövsümündə 5 qolla yadda qalıb.
SPORTİNFO.AZ

