Ötən mövsüm yaxşı mənada fərqlənən adlardan biri də Andrey Sinenko oldu.
29 yaşlı kiper "İmişli"nin uğurlu çıxışında əsas pay sahiblərindən biriydi.
Hətta iş o yerə çatmışdı ki, əla performansına görə adı "Qarabağ"la çəkilirdi.
Düzdü, bunu heç vaxt real hesab etməmişəm.
Amma faktiki mətbuatda adı Ağdam klubu ilə birgə çəkiləcək qədər böyümüşdü.
Lakin bir anda ortadan yoxa çıxdı.
Ardıcıl 26 tur əsas heyətdə yer alan belaruslu məhz 26-cı turda "Turan Tovuz"la matçda aldığı zədədən sonra kölgədə qaldı.
Öncə zədəsinin bərpa isə ilə məşğul oldu.
Sağalandan sonra isə klub rəhbərliyinin qəzəbinə tuş gələrək ilk "11-lik"dən kənarda qaldı.
Müqaviləsi başa çatan futbolçu ilə yeni anlaşma imzalanmayıb.
Qəribəsi odur ki, bir neçə ay əvvəl adı "Qarabağ"la çəkilən kiperə indi heç kim maraq göstərmir.
Azad agent olmasına baxmayaraq, yenə kənarda qalıb.
Bu gedişlə minnətçi düşüb, elə "İmişli"də qalası olacaq.
XANOĞLAN / SPORTİNFO.AZ

