Dünya çempionatının 1/16 final mərhələsində Argentina əlavə vaxtda Kabo-Verdeni 3:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Sportinfo.az xəbər verir ki, Mayamidə keçirilən qarşılaşmada Argentina yığmasının qollarını Lionel Messi (29-cu dəqiqə) və Lisandro Martines (92-ci dəqiqə) vurublar.
Kabo-Verde komandasının heyətində isə Deroy Duarte (59) və Sidni Kabral (103) fərqləniblər. Oyunun 111-ci dəqiqəsində Kabo-Verde millisinin futbolçusu Diney topu öz qapısından keçirərək Argentinaya qələbə qazandırıb.
Bu oyunda fərqlənən Messi dünya çempionatlarındakı qol sayını 20-yə çatdıraraq rekordunu daha da yaxşılaşdırıb. O, həmçinin turnirin bombardirləri siyahısında liderliyini möhkəmləndirib
. Argentinalı hücumçunun aktivində 20 qol olduğu halda, ən yaxın izləyicisi, Fransa millisinin futbolçusu Kilian Mbappenin hesabında 18 qol var.
Messi cari dünya çempionatında da 7 qolla bombardirlər siyahısına başçılıq edir. Bundan əlavə, o, mundiallar tarixində keçirdiyi oyunların sayını
30-a çatdıraraq bu göstərici üzrə də rekordunu yeniləyib. İkinci pillədə 26 oyunla Kriştianu Ronaldo qərarlaşıb.
Argentina millisinin kapitanı həmçinin dünya çempionatlarında ardıcıl səkkiz oyunda qol vurmaqla öz rekordunu davam etdirib və mundial tarixində turnirin bütün mərhələlərində qol vuran ilk futbolçu olub.
Argentina yığması 1/8 finalda penaltilər seriyasında Avstraliyanı mübarizədən kənarlaşdıran Misir milli futbol komandası ilə qarşılaşacaq. Görüş iyulun 7-də Atlantada keçiriləcək.

