İyunda «Qarabağ»dan ayrılan Amin Ramazanov «Sabah»a lazım ola bilər.
Ağdam klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozan qapıçı hazırda «bayquşlar»ın düşərgəsindədir.
Premyer Liqanın yeni çempionu 23 yaşlı kiperi baxışa çağırıb. Valdas Dambrauskasın onunla bağlı ilkin təəssüratı heç də pis deyil -
baş məşqçinin fikrincə, o, üçüncü qapıçı kimi burada qala bilər. Nicat Mehbalıyevin «Şəfa»ya keçidinə şərait yaradan Masazır təmsilçisi, yəqin ki, Ramazanovu geri göndərməyəcək.
Amin son bir neçə ili «Qarabağ»da keçirib. «Zenit»in yetirməsi ötən mövsümün ilk yarısında «Zaqatala»ya icarəyə verilib, daha sonra isə geri qayıdıb.
Qurban Qurbanovun ondan imtinası anlaşılandır. Adıçəkilən «əlcək sahibi» rəqabətə tab gətirməyib, nadir hallarda meydana ayaq basıb.
SPORTİNFO.AZ

