2026-cı il dünya çempionatının 1/16 final mərhələsi dramatik qarşılaşmalarla yadda qalır.
Xüsusilə Kriştiano Ronaldo ilə Luka Modriçin növbəti və böyük ehtimalla son dünya çempionatı duelinə çevrilən Portuqaliya-Xorvatiya matçı turnirin ən yaddaqalan oyunlarından biri oldu.
Ronaldo penalti qolu ilə hesabı bərabərləşdirdi, Qonçalo Ramoş isə əlavə olunmuş dəqiqələrdə vurduğu qolla Portuqaliyaya 2:1 hesablı qələbə qazandırdı.
Rekordları təzələməyə doymayan Ronaldo Xorvatiya qarşısında dünya çempionatının pley-off mərhələsində qol vuran ən yaşlı futbolçu oldu. 41 yaş 147 günlük...

Beləliklə, Ronaldo və komandası 1/8 finalda İspaniya ilə prinsipial Pireney derbisinə vəsiqə əldə etdi. Bu qələbə ilə 41 yaşlı Ronaldonun dünya çempionluğu arzusu davam edir və onu növbəti mərhələdə daha bir nəhəng sınaq gözləyir. Rəqib turnirin əsas iki favoritdən biri kimi göstərilən İspaniyadır...

Bu gün axşam və səhər saatlarına doğru baş tutacaq üç qarşılaşma ilə 1/16 final mərhələsinə yekun vurulacaq.
İlk oyun Avstraliya ilə Misir arasındadır. Saat 22:00-da başlayır.
Avstraliya qrup mərhələsində nizam-intizamlı oyunu ilə seçildi. Qardaş Türkiyə ilə oyun bunu açıq şəkildə göstərdi.
Misir isə sürətli əks-hücumları və fiziki mübarizəsi ilə rəqiblərinə çətin anlar yaşatdı. Cütün qalibi bu oyundan sonra keçiriləcək Argentina-Kabo Verde matçının qalibi ilə 1/8 finalda qarşılaşacaq.

Gələk adını çəkmişkən Argentina - Kabo Verde qarşılaşmasına.
Saat 02:00-da baş tutacaq və sözün həqiqi mənasında dünya bu oyunu dörd gözlə gözləyir. Bunun da səbəbləri bir deyil. Bir tərəfdə Messi faktoru varsa, digər tərəfdə cəmi 500 minlik əhaliyə sahib və tarixlərində ilk dəfə vəsiqə qazandıqları mundialda artıq dünyanın ən güclü 32 millisindən biri olmağı bacaran Kabo Verde dayanır. Təbii ki, indiki hədəfləri də 16-lığa düşməkdir. Bu da bir sözlə möcüzəyə bənzəyir.

Üçüncü tərəfdə isə günlər öncə qanalı şaman Nana Kvaku Bonsamın bu oyun barədə dedikləri durur. O, son dünya çempionu Argentinanın növbəti mərhələdə sensasiyalı şəkildə Kabo Verdeyə məğlub olacağını da iddia edib. Amma istənilən halda Lionel Messinin liderlik etdiyi Argentinanın turnirin favoritlərindən biri sayıldığını unutmaq olmaz.
Debütant Kabo Verde isə dünya çempionatının sürpriz komandalarından biri kimi tarix yazmağa çalışacaq. Bu oyunun qalibi Avstraliya-Misir cütünün qalibi ilə üz-üzə gələcək.
Bu mərhələnin son oyunu Kolumbiya-Qana arasında saat 05:30-da başlayacaq.
Kolumbiya qrup mərhələsində nümayiş etdirdiyi sabit futbol sayəsində favoritlər sırasında göstərilir. Qana isə fiziki gücü və sürətli hücumları ilə təhlükəli rəqibdir. Bu qarşılaşmanın qalibi artıq 1/8 finala yüksəlmiş İsveçrə ilə mübarizə aparacaq.

İndiyə qədər müəyyənləşən 1/8 final cütlüklərinin siyahısını təqdim edirik:
Kanada - Mərakeş
Paraqvay - Fransa
Braziliya - Norveç
Meksika - İngiltərə
Portuqaliya - İspaniya
ABŞ - Belçika
Avstraliya/Misir - Argentina/Kabo Verde (qaliblər)
İsveçrə - Kolumbiya/Qana (qalib)
Beləliklə, bu gecə keçiriləcək üç oyun təkcə 1/16 finalın son görüşləri olmayacaq, həm də 1/8 final mərhələsinin tam mənzərəsini formalaşdıracaq. Xüsusilə Argentina və Kolumbiyanın çıxışları, eləcə də Avstraliya-Misir duelinin qalibinin hansı rəqiblə üz-üzə gələcəyi futbolsevərlərin diqqət mərkəzindədir. Bir sözlə, futbol dünyasının gözü bu gecə ABŞ meydanlarına dikiləcək.

Ronaldonun uğurla keçdiyi sınaqdan sonra indi növbə Messiyə çatıb. Dünya çempionatının növbəti sensasiyasının yaşanıb-yaşanmayacağını isə artıq 90 dəqiqə göstərəcək...
Cavanşir Abbaslı

