2018 və 2022-ci il dünya çempionatları arasında futbolda fiziki və sürət göstəriciləri necə dəyişib?
Hazırda davam edən DÇ-2026-da bu tendensiya daha da güclənib, yoxsa əksinə?
Sportinfo.az bunun Azərbaycan futbolu üçün nə ifadə etdiyi ilə bağlı fiziki hazırlıq üzrə mütəxəssis Tural Lətifovun fikirlərini öyrənib:
“2018-ci il dünya çempionatı ilə 2022-ci ilin çempionatını müqayisə etdikdə, görünür ki, müasir futbolda əsas dəyişiklik ümumi qaçış məsafəsində deyil, daha çox oyunun intensivliyində, yüksək sürətli qaçışlarda və sprint məsafələrində baş verib.
FIFA-nın fiziki analizlərinə əsasən, 2022-ci il dünya çempionatında komandalar bir oyun ərzində orta hesabla 108,1 km məsafə qət ediblər.
Ümumi məsafə baxımından 2018-ci illə müqayisədə böyük fərq yoxdur. Lakin əsas fərq yüksək sürətli qaçışlarda və sprint məsafələrində görünür.
2022-ci ildə komandaların “high-intensity running”, yəni saatda 20 km-dən yuxarı sürətdə qaçış məsafəsi, 2018-ci illə müqayisədə təxminən 16 faiz artıb.
Sprint məsafəsində isə artım daha böyükdür. Saatda 25 km-dən yuxarı sürətdə sprint məsafəsi 2018-ci illə müqayisədə təxminən 19 faiz artıb.
Rəqəmlərlə desək, 2018-ci ildə komandalar bir oyun ərzində orta hesabla təxminən 7700–7800 metr yüksək intensivlikli qaçış edirdilərsə, 2022-ci ildə bu göstərici 9001 metrə yüksəlib.
Sprint məsafəsi isə 2018-ci ildə təxminən 1950–2000 metr olduğu halda, 2022-ci ildə 2345 metrə çatıb.
Bu rəqəmlər çox vacib mesaj verir. Futbol artıq sadəcə daha çox qaçmaq oyunu deyil.
Ümumi məsafə demək olar ki, eyni qalır, amma həmin məsafənin içində yüksək sürətli hərəkətlərin, sprintlərin, akselerasiyaların və təkrar intensiv hərəkətlərin payı artır.
Yəni müasir futbol daha çox intensivlik, daha çox sürət və daha yüksək fiziki-taktiki tələb deməkdir.
Futbolda temp ildən-ilə artır. Pressinq daha intensiv olur, müdafiədən hücuma və hücumdan müdafiəyə keçidlər daha sürətli baş verir. Futbolçudan artıq yalnız dözümlülük yox, həm də yüksək sürətdə düşünmək, düzgün qərar vermək, hərəkət etmək və bunu oyun ərzində dəfələrlə təkrarlamaq tələb olunur.
Hazırkı dünya çempionatı ilə bağlı yekun fiziki analitika turnir başa çatdıqdan sonra daha dəqiq şəkildə ortaya çıxacaq.
Amma indiki tendensiyaya baxdıqda, demək olar ki, yüksək intensivlikli qaçışlar, sprint məsafələri, təkrar sprintlər və ümumi oyun tempi baxımından yenə ciddi fərqlərin olacağı gözləniləndir.
Çünki futbolun inkişaf istiqaməti açıqdır: oyun daha sürətli, daha dinamik və daha intensiv olur.
Bu tendensiya Azərbaycan futbolu üçün də ciddi siqnaldır.
Əgər biz əsas milli komandamızın və xüsusilə gənclərdən ibarət yığmalarımızın beynəlxalq səviyyədə rəqabətədavamlı olmasını istəyiriksə, performans hazırlığına akademiya yaşlarından sistemli yanaşmalıyıq.
Akademiyalarda futbolçular yalnız texnika və taktika baxımından yox, müasir futbolun fiziki tələblərinə uyğun da hazırlanmalıdırlar.
Bura sürət, akselerasiya, təkrar sprint qabiliyyəti, yüksək intensivlikli qaçışlara dözümlülük, güc, çeviklik, istiqamət dəyişmə və bərpa keyfiyyəti daxildir.
Bugünkü futbolçu sadəcə topu yaxşı idarə edən oyunçu deyil. O, yüksək tempdə düşünməyi, qərar verməyi, hərəkət etməyi və bu intensivliyi oyun ərzində qorumağı bacarmalıdır.
Ona görə də Azərbaycan futbolunda performans hazırlığı akademiya sisteminin əsas istiqamətlərindən birinə çevrilməlidir.
Yekun olaraq deyə bilərəm ki, 2018-dən 2022-yə qədər dünya futbolunda sürət və intensivlik baxımından ciddi inkişaf müşahidə olunub.
High-intensity running təxminən 16 faiz, sprint distansiya isə təxminən 19 faiz artıb. 2026-cı ilin yekun analitikası isə böyük ehtimalla bu tendensiyanın daha da gücləndiyini göstərəcək.
Bu, bizim üçün də açıq mesajdır: müasir futbolun tələblərinə cavab vermək istəyiriksə, intensivlik, sürət və performans hazırlığına aşağı yaş qruplarından başlamalıyıq”.

