Görünən budur ki, növbəti mövsümdə avrokuboklara 4 vəsiqə uğrunda cəmi 5 komanda mübarizə aparacaq – “Sabah”, “Qarabağ”, “Neftçi”, “Zirə”, “Turan Tovuz”.
Ötən “futbol ili”nin təxminən mart ayına qədər Avropaya vəsiqə üçün 7 komanda səy göstərirdi. “Araz-Naxçıvan”la “Sumqayıt”ın adı siyahıda idi. İndi vəziyyət kökündən dəyişib.
Naxçıvan təmsilçisində yaşananlardan xəbərdarsınız. Klubun rəhbər şəxslərinin başına gələnlər “qırmızı-ağlar”ın maliyyə dayaqlarını zəiflədib.
“Araz-Naxçıvan” “sökülüb”, yenidən “yığılır”. Cavid Hüseynovun 70-80 faizi yenilənmiş kollektivlə ilk “4-lük” uğrunda mübarizə aparması ağlabatan görünmür.
“Sumqayıt”ın durumu bundan da ağırdır. Ötən mövsüm baş məşqçi postuna tanınmış Saşa İliçi gətirib, yerli və legioner futbolçulara Azərbaycan reallığında yaxşı pullar verən “kimyaçılar” sözün əsl mənasında “yatıb”.
Elita təmsilçiləri transfer xəbərlərini ard-arda düzdüyü halda, “Sumqayıt” baş məşqçisiz qalıb. Sanki Premyer Liqada bu adda klub olmayacaq.
Aldığımız məlumata görə, keçən illə müqayisədə büdcədə nəzərəçarpan dərəcədə azalma olub. Elə buna görə də klubun maraq dairəsinə düşən əcnəbi məşqçilərin heç biri ilə razılıq əldə olunmur. Ümid qalıb ayda 5-6 min dollara işləməyə razı olanlara.
Futbolçu məsələsində də vəziyyət o deyil. Mehdi Cənnətov, Aleksandr Ramalinqom, Rayan Senhadji kimi əsas simalar “Sumqayıt”ı tərk etsə də, boşluqlar doldurulmayıb.
Klubun daxilində “Sumqayıt”ın gələcəyi ilə bağlı narahatlıq səngimir. Hər ötən gün xoş xəbər gözləyənlərin qulaqları səsdə qaldıqca, söz-söhbət artır. Futbolçular müqavilədə göstərilən maaşı alıb-almayacaqlarından narahatdır, məşqçilər öz durumlarının necə olacağını düşünür.
Görünür, keçən “futbol ili”ndə yaşanan uğursuzluq sponsorların əhval-ruhiyyəsinə təsir edib. Klubun prezidenti Riad Rəfiyev isə vəziyyəti düzəltmək üçün əlindıən gələni etməyə çalışır.
Hər halda kənardan görünən budur. Başqa nəsə düşünmək üçün əsas da yoxdur.
HƏBİB / SPORTİNFO.AZ

