Premyer Liqanın 22-ci turu Şamaxıda xüsusi yadda qaldı.
Böyük futbol illər sonra bu rayona qayıtdı.
Əslində, belə deyillər. Təbliğatı belə qurublar.
Böyük futbol hər hansı bir rayona onda qayıdar ki, komanda orada məskunlaşar, orada formalaşar.
Heç ad dəyişiminə də, paytaxt klubunun dəyişib, bölgə klubu olmasına da bir söz demirik. Eybi yox, olsun, amma belə də yox axı.
Qonaqlar kimi, meydan sahibi komanda da oyundan cəmi 1 gün, bəli, 1 gün qabaq Şamaxıya pənah apardı. Oyundan sonra isə hər iki komanda da şələ-şüləsin götürüb Bakıya qayıtdı.
Qonaqlar bir gün əvvəl səfər barədə düşünməsə, bəlkə hazırkı "Şamaxı" rəhbərliyi komandanı təmsil etdiyi rayona oyun günü aparacaqdı. İndi deyin görək, kimdi meydan sahibi, kimdi qonaqlar?
Yerli azarkeşlər hazırkı şərtlər altında doğma rayonlarını təmsil edən komandanı ayda vur-tut 4 dəfə görə-görməyə. Bunun hələ milli komandaya görə yaranan fasiləsi, qış fasiləsi, yay fasiləsi var. Yəqin ki, həmin günləri də kollektiv ən yaxşı halda Bakıda - BOS-da keçirəcək.
Belədə əminəm ki, yerli tərəfdarların hazırkı "Şamaxı"ya sevgisindən söhbət gedə bilməz.
Onlar sevinsə-sevinsə böyük futbolun yox, "Neftçi" kimi böyük komandanın doğma rayonlarına gəlməsinə sevinə bilərlər. Məslən, gələcək turlarda bu siyahıya "Qarabağ"ı, növbəti illərdə "Turan"ı, "Kəpəz"i əlavə edə bilərik.
Amma indiki yanaşma qaldığı müddətcə Şamaxıya böyük futbolun qayıtmasından danışmaq yersizdir. Hə, böyük klubların qayıtmasından isə danışmaq və sevinmək olar.
XANOĞLAN İMANOV

