"Soldati Di Sabah"ın dünənki sərgüzəştləri - FOTOLAR

28 Noyabr 2021 10:40 Azarkeş 1 102
"Soldati Di Sabah"ın dünənki sərgüzəştləri - FOTOLAR

Azərbaycan Premyer Liqasının son turlarında yüksəlişdə olan “Sabah” dünən “Keşlə” ilə ev matçında da qələbə qazanmağı bacardı - 2:1.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bərabər, həm də yerli azarkeşlərin dəstəyi ilə də diqqət mərkəzinə düşüb.

Belə ki, cəmi 4 ildi fəaliyyət göstərən “ağ-göy” klubun yeni-yeni formalaşmaqda olan azarkeş qrupu matç ərəfəsində və oyun zamanı fəallığı ilə fərqlənib.

Fanat qrupunun üzvləri öz varlığını hələ oyun başlamadan göstərməyə çalışıb. Onlar stadiona gələn komandanın avtobusunu göy-ağ tüstülərlə və alqışlarla qarşılayıb.

Gənc tərəfdarlar stadion ərazisində klub avtobusunun önünü kəsərək, komandaya dəstəklərini nümayiş etdiriblər. Atılan addım maraqlı görüntülərə səhnə olub.

Premyer Liqanın ən gənc klubunun tərəfdarları fəallığını oyun zamanı da davam etdiriblər. Klubun rənglərinə uyğun ağ-göy rəngli bayraqlarla silahlanmış tərəfdarlar, yeni formalaşmaqda olan fan-klubun adını da ilk dəfə nümayiş etdiriblər.

Belə ki, azarkeşlərin açdığı bannerlərdən birinin üzərində “Soldati Di Sabah” (italyancadan tərcümədə “Sabahın əsgərləri”) sözləri yazılmışdı ki, bu da, fan-klubun adını əks etdirirdi. Yəqin ki, azarkeş qrupun bundan sonra həmin ad altında fəaliyyətini davam etdirəcək.

Fanatların fəallığı bizim kimi futbolçuların və rusiyalı çalışdırıcının da diqqətini çəkmiş oldu.

Final fitindən sonra “Sabah”ın futbolçuları "təşəkkür" üçün fanatlar olan tribunaya yaxınlaşdılar.

Komandanın baş məşqçisi Murad Musayev isə mətbuat konfransında azarkeşlərin fəallağını xüsusi qeyd edib. Belə ki, gənc mütəxəssis “Keşlə” üzərində 2:1 hesablı qələbənin ardından “Sabah” tərəfdarlarının fəallığını qabardaraq, bu qələbəni onlara həsr etdiyini bildirib:

“Bu oyunda həmçinin azarkeşlərimizi də xüsusi qeyd etmək istərdim. Oyundan öncə bizi çox yaxşı qarşıladılar, matç zamanı da möhtəşəm dəstək oldular. Bu qələbəni onlara həsr edirik".

Xanoğlan/Sportinfo.az

Digər Xəbərlər
Xəbər Lenti