Bakıda məşqə çıxmadı, İstanbulda da eyni addımı atdı - "Olimpiakos"

29 Sentyabr 2021 09:20 Avropa Liqası 769
Bakıda məşqə çıxmadı, İstanbulda da eyni addımı atdı - "Olimpiakos"

"Olimpiakos" Türkiyədə "Fənərbağça"ya qarşı keçirəcəyi Avropa Liqasının qrup oyunu öncəsi İstanbulda məşqə çıxmaqdan imtina edib.

Sportinfo.az xəbər verir ki, bu qərar komandanın baş məşqçisi Pedro Martinsin istəyilə qəbul olunub.

Portuqaliyalı mütəxəssis əlindəki bütün futbolçuların birlikdə məşq keçə bilməsindən ötrü bu addımı atıb.

Çünki səfər matçlarında yalnız Avropa futbol qurumuna sifariş olunmuş müəyyən sayda oyunçu iştirak etməlidir. 51 yaşlı baş məşqçi komandadakı bütün futbolçulara şans vermək üçün son məşqin Pireydə olmasının tərəfdarıdır.

Bundan başqa, Martins oyun öncəsi son hazırlıq prosesində rəqib düşərgədən "casus" ola biləcəyindən ehtiyatlanır.

Qeyd edək ki, "Olimpiakos" "Neftçi"yə qarşı Çempionlar Liqasının II təsnifat mərhələsinin səfər matçından öncə də analoji varianta əl atıb.

Həmin vaxt "Bakcell Arena"nın ot örtüyünün yaxşı vəziyyətdə olmadığını əsas gətirən Pedro Martins Bakıdakı məşqi ləğv edib.

Hər iki oyunda "Olimpiakos"a 0:1 hesabı ilə uduzan "Neftçi" Çempionlar Liqasında mübarizəni dayandırıb.

Digər Xəbərlər
Xəbər Lenti