Avropa Liqasında mübarizə aparan “Qarabağ” 2-ci mərhələyə yüksəldi.
Bakıdakı qarşılaşmada “Vestri”ni 3:0 hesabı ilə üstələyən “köhlən atlar” Reykyavikdəki cavab matçında da rəqibini meydana çıxmağa peşman etdi – 3:0.
“Vestri”nin futbolçuları hər nə qədər mübarizlik göstərsə də, keyfiyyət və təcrübə bütün mənalarda sözünü dedi.
Komandanın aparıcı simalarından olan Birkir Eydal Sportinfo.az-a oyunla bağlı açıqlamasında “Qarabağ”ın gücünü qabardıb.
“Avropa Liqasında çıxış etməyimiz bizim üçün böyük təcrübə oldu. Heç bir oyunda təslim olmadıq, sona qədər mübarizə apardıq.
Sadəcə, rəqib yol verdiyimiz kobud səhvlərdən maksimum yararlandı. “Qarabağ”ın heyətində ustalıq səviyyəsi yüksək olan futbolçular cəmlənib.
Onlar bir-birini çox yaxşı başa düşür. Hiss olunur ki, oyun təcrübələri yüksəkdir. Komanda halında yaxşı göründülər.
Bu, bizim avrokuboklarda ilk çıxışımız idi. Yaxşı mənada təəccübləndirmək istəyirdik. Alınmadı”.
“Qarabağ” Avropa Liqasının 2-ci mərhələsində Bolqarıstan ÇSKA-sı ilə münasibətlərinə aydınlıq gətirəcək.
İlk oyun iyulun 23-də Bakıda, cavab görüşü bir həftə sonra Sofiyada gerçəkləşəcək.
HƏBİB
