Dünya nəhənglərindən hesab olunan “Barselona”nın Bakıya səfəri bayram ab-havasında keçdi.
Düzdür, qarşılaşmanın nəticəsi “Sabah” üçün ürəkaçan olmadı.
İspaniya təmsilçisi Çempionlar Liqasının liqa mərhələsində “Sabah” üzərində 4:1 hesablı qələbə qazandı.
Oyundan sonra azarkeşləri maraqlandıran əsas suallardan biri Kataloniya klubunun ulduz futbolçularının “Sabah”ın hansı oyunçuları ilə formalarını dəyişəcəyi idi.
“Barselona”nın hücumçusu Rafinya bu qarşılaşmada geyindiyi formanı məhz həmyerlisinə hədiyyə edib.
Braziliya millisinin üzvü ikinci hissədə tərlətdiyi formanı “Sabah”ın yarımmüdafiəçisi Du Keyruşa hədiyyə edib.
Du Keyruş qarşılaşmadan sonra bu barədə “TNT Sports” telekanalına açıqlamasında danışıb.
O bildirib ki, hakimin final fitindən sonra Rafinya ilə aralarında qısa dialoq yaşanıb və braziliyalı futbolçunun forması ona qismət olub.
“Sabah”ın braziliyalısı formanı dəyərli hədiyyə kimi ömrümün sonuna qədər saxlayacağını sözlərinə əlavə edib.
HƏBİB / SPORTİNFO.AZ
