İki ay öncə «Araz-Naxçıvan»ın sükanı arxasına keçən Yuri Maksimov hələ də qələbə qazana bilməməsinin səbəbini dəqiqləşdirib.
O, bu barədə klub rəhbərliyi ilə görüşündə danışıb. Ukraynalı mütəxəssis yayda seleksiya işinin düzgün aparılmadığını söyləyib.
Qeyd edib ki, hazırda düşərgədə yer alan 11 legionerdən minimum 3-4 nəfər «Araz»ın tələblərinə cavab vermir.
Vaxtilə ölkəmizdə «Keşlə»ni (indiki «Şamaxı») çalışdırmış Maksimov deyib ki, komandanı təhvil aldığı zaman taktiki və fiziki cəhətdən problemlərin olmasını aşkarlayıb.
Baş məşqçi bildirib ki, futbolçuların özgüvən hissi də yoxa çıxıb. O, mövcud vəziyyətdən qurtulmağın yolunu islahat aparmaqda görür.
Maksimov ümidləri doğrultmayan əcnəbiləri yola salıb, əvəzində 2 transfer etməyin vacib olduğunu diqqətə çatdırıb.
Muxtar Respublika təmsilçisi Premyer Liqanın ilk dövrəsin turnir cədvəlinin sonuncu pilləsində bitirib. 11 tur ərzində 4 heç-heçəyə imza atmış «ağ-qırmızılar» 7 məğlubiyyətlə üzləşib.
SPORTİNFO.AZ
