“Neftçi” Premyer Liqanın 12-ci turu çərçivəsində “Araz-Naxçıvan”la qarşılaşacaq.
Komandalar arasında ilk dövrədə baş tutan görüşdə “ağ-qaralar” rəqibini 5:0 hesabı ilə məğlub etmişdi. Cari mövsümdə qələbə arzusuna çata bilməyən Naxçıvan təmsilçisi bu dəfə 3 xal qazanmağa çalışacaq.
Qarşılaşmanın maraqlı məqamlarından biri “Araz-Naxçıvan”ın rəqibini Şamaxı şəhər stadionunun süni örtüklü meydanında qəbul etməsidir.
Bu amil müəyyən mənada bakılılar üçün problem yarada bilər. Necə ki, “Neftçi” iki tur əvvəl “Şamaxı” ilə görüşdə çətinliklə qələbə qazanmışdı.
“Araz-Naxçıvan” Yuri Maksimovun rəhbərliyi altında bu oyuna itkilərlə çıxacaq. Zədəli futbolçulardan biri də Rövlan Muradovdur.
Buna baxmayaraq, 28 yaşlı yarımmüdafiəçi Sportinfo.az-a açıqlamasında komandanın düşərgəsindəki vəziyyətdən danışıb, yaranmış durumdan çıxış yolunu göstərib və qarşıdakı matçla bağlı fikirlərini bölüşüb.
“Allaha şükür, komanda daxilində ab-hava yaxşıdır. Rəhbərliyimizin də bizə olan inamını hər gün hiss edirik. Sağ olsunlar, daim dəstək göstərirlər.
Yaranmış vəziyyətdən çıxmaq üçün ciddi hazırlaşırıq. Bu oyunda döyüşüb-vuruşaraq xal və ya xallar qazanmağa çalışacağıq.
Bilirsiniz ki, “Neftçi”yə qarşı oyunlar həmişə çətin keçir. İlk dövrədəki qarşılaşmada da ağır məğlubiyyət almışdıq.
Düşünürəm ki, bu dəfə layiqli mübarizə aparacağıq. Ötən oyunlarda yol verdiyimiz səhvləri təkrarlamasıq, xal qazana bilərik”.
Bu gün keçiriləcək “Araz-Naxçıvan” – “Neftçi” görüşü Şamaxı şəhər stadionunda baş tutacaq və saat 14:30-da start götürəcək.
HƏBİB
